Nağıl kimi… Futbolu da, davranışı da, gəlişi də.
Ronaldinyodan danışırıq. O qədər ərköyün, plansız biri ki, Bakıya gəlməyə də qəfil qərar verib. Hətta o qədər qəfil ki, Tale Heydərovu prezidenti olduğu "Qəbələ"nin vacib səfər matçından kənarda qoydu.
Driblinqləri, oyunu necə müəmma idisə, fintləri necə gözlənilməz alınırdısa, Bakıya səfər proqramı da eləcə sistemsiz idi. Nə vaxt harda olacağı, hansı görüşlər keçirəcəyi son ana kimi bilinmədi. Bu səbəbdən Ronaldinyonun Bakı səfərində yetərincə təşkilati qüsur ortaya çıxdı.
Dünən ölkəmizə qədəm basan braziliyalı ulduz bu gün bir sıra görüşlər keçirib, Heydərovla birlikdə Fransaya uçmalı idi. Amma axşam ziyafətinin xumarından gec ayıldı, bu gün isə bütün görüşləri vaxtında yekunlaşdıra bilmədi. Bəzi rəsmi görüşlər yubandı, mətbuat konfransı da axşamüstünə qədər ləngidi. Hətta 15.30-a planlaşdırılan tədbir də çox gec başladı və həddindən artıq uzandı.
Bütün bunlar detallardı, əsas məsələ isə səfərin məqsədidi. Qremioda və Dubayda futbol məktəbi olan Ronaldinyo analoji addımı Bakıda atmaq qərarına gəlib. Təbii ki, burada Roninin sadəcə, adı önəmlidi, məktəbi açan da fərqlidi, bu ad altnda iş görənlər də. Ronaldinyo müəyyən vəsait qarşılığında imicindən istifadəyə razılıq verir, vəssalam.
"Qəbələ" rəhbərliyi Ronaldinyo ilə çoxdan təmasda imiş, lakin səfərin vaxtı razılaşdırılmayıbmış. Qəfildən Bakıya gəlməyə qərar verib və istəyi reallaşıb. O qədər qəfil ki, ortada heç nə yoxdu, amma ulduz futbolçu ölkəmizdədi və bu saatlarda vətəninə qayıtması planlaşdırılır.
Qəbələdə klub akademiyası var, lakin "qırmızı-qaralar"ın rəhbərliyi Bakıda da müəyyən işlər görüb ölkə futboluna töhfəsini artırmaq istəyir. Ronaldinyonun adıyla bağlı olan məktəb isə reklam baxımından əla fürsətdi. Ancaq iş ondadı ki, hələ mövcud olmayan, hətta yeri belə müəyyənləşməyən məktəbdən danışırıq. Bəlkə də məşq meydançası salmağa torpaq sahəsi ala bilməyən "Qəbələ" rəhbərliyi Ronaldinyonun gəlişini aksiyaya çevirməklə bundan təzyiq vasitəsi kimi istifadə edəcək, işi yubadanları dalana dirəyəcək. Yəqin ki, ölkə rəhbərliyi də olaya biganə qalmayacaq və proseslərin gedişi sürətlənəcək. Ronaldinyo ilə ən yüksək səviyyədə dövlət rəsmilərinin övladlarının şəkil çəkdirməyə gəlməsi faktı sübut edir ki, məktəbin təşkili üçün tələb olunan yer problemi teziklə həllini tapacaq.
Əslində, Ronaldinyo məktəbin açılışına gəlməli, lenti kəsməli, topa ilk toxunuş etməli, hətta bu ocağın ilk tələbələrinə ilk məşqi də keçməli idi. Amma bizdə çayı keçməmiş "hop" deməyə öyrəşiblər, işin görüntüsü daha önəmlidi, nəinki onun faydası, reallaşması.
Hazırda sadəcə, planlaşdırılan məktəbdən danışırıq, mövcud olandan yox.
Ronaldinyonun mətbuat konfransının təşkili çox bərbad idi. Futbolçunun qəfil səfəri klubu çətin vəziyyətdə qoymuşdu. Təşkilatçılığına görə əksər klublarımıza nümunə olan "Qəbələ"nin əməkdaşları Fransada olduğundan anormal vəziyyət yaranmışdı. Təcili olaraq Moskvadan Bakıya çağırılan akademiyanın direktor müavini Nail Kərimovun təkbaşına edə biləcəyi yalnız bu qədər idi. Bununla belə, o, səfər proqramı hər saat dəyişən Ronaldinyonun mətbuat konfransını təşkil edə bildi. Amma bu konfrans daha çox… Nə isə!
Mətbuat konfransında Ronaldinyodan, AFFA və "Qəbələ" rəhbərliyindən soruşulmalı çox şey var idi. Məktəbin hansı formatda təşkili, ora nə qədər vəsaitin xərclənəcəyinin dəqiqləşdirilməsi, assosiasiyanın bu işdə marağı, niyə bölgə əvəzinə paytaxtın məkan seçilməsi və s. Lakin sualların əksəriyyətini idman jurnalistləri deyil, azarkeş kimi gələn həvəskarlar verincə, braziliyalı şəxsi həyatından, 10-15 il öncəki oyunlarından, şəxsi həyatından və s. danışdı. Selfi çəkdirmək arzusu ilə zalı dolduran 300 nəfərin içərisində belə ciddi məsələlərdən danışmaq mümkün olmadığından, şəxsən mən susmağa üstünlük verdim. Heç deyəsən, "Qəbələ" rəhbərliyi də ciddi sorğu-sualın həvəsində deyildi. Olsaydılar, sual verilmədən də, tədbiri açarkən bu məsələlərdən bəhs edərdilər.
Qeyd etdiyimiz sualları özümüzdə saxladıq. Təbii ki, bu məsələləri tez-tez yada salacaq, mövcud olmadan açılan məktəbin fəaliyyətə başlaması ilə maraqlanacağıq. Bu gün şouya, reklama sərf olundu və Ronaldinyo da bu rol üçün uyğun aktyor idi. O, bu işə o qədər həvəssiz idi ki, hətta Olimpiya stadionunda onunla məşq etmək üçün gözləyən "Qəbələ"nin azyaşlılarına da yalnız 5-6 dəqiqəsini sərf etdi. Sadəcə, şəkil çəkdirdi və azarkeşə çevrilmiş jurnalistlərin, stadion və AFFA işçilərinin müşaiyəti altında foto üçün poz verə-verə maşınına əyləşdi.
Klub prezidenti Tale Heydərov, AFFA-nın baş katibi Elxan Məmmədovun da qatıldığı biabırçı mətbuat konfransından çox bəhs etmək istəmirəm, ürəyimdə qalan sualara nəvaxtsa cavab alacam, lakin gördüyüm o idi ki, bu, reklam aksiyası idi. Və bu aksiyadan AFFA da məharətlə yararlandı. Ulduz futbolçunun gəlişində heç bir rolu olmayan assosiasiya rəsmiləri faktiki özlərini tədbirə "calaq etdilər". Yəqin ki, məktəbin açılmasında rol oynayacaqları vədini verdilər, müəyyən köməklə bağlı razılaşmalar oldu. Heydərovlar da futbola dair layihələrdə başqasının "əhatə dairəsi"ndə "ev yiyəsi"ndən icazəsiz görünmək istəmədilər və s.
Tərcüməçi kimi milli komandanın meneceri Riad Rəfiyevin görünməsi çox maraqlı idi. Onun Ronaldinyonun bir cavabını "Niyə də yox?" kimi çevirərək AFFA-nın populyar şüarını xatırlatması braziliyalının jonqlyorluq bacarığına gözəl əlavə idi. Bu fakt da göstərdi ki, AFFA-nın AVRO-2020 ilə bağlı fikirləri ciddidi və belə aksiyalarda maraqlıdılar. Hər belə aksiya isə dövlət rəhbərliyinin futbola qayğısını artırmağa hesablanıb və həqiqətən də milli komandanın hədəfləri ciddi olacaq.
Təki hədəflər ciddi olsun. Ronaldinyo kimi ulduzların gəlişi də gözəl reklam kampanyasıdı. Amma işin "göstəri" hissəsini real işə çevirmək, futbolumuzun gələcəyi naminə addımlar atmaq da vacibdi. Qoy, Banşevski məktəbi olmayan ölkədə Ronaldinyo, Bekhem, Maradona, Pele məktəbləri olsun, amma onlardan heç olmasa, İqor Ponomaryov, İsgəndər Cavadov, Vəli Qasımov səviyyəli futbolçular çıxsın. Şəkil şəkdirmək, şou göstərmək gözəldi, sabah bizə həm də futbol lazım olacaq.
VÜSAQİ