Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – PAOK (2:0) matçından sonra təmsilçimizin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir:

– Hamını təbrik edirəm. Vacib qələbə oldu. Futbolçularda stress çox idi. Amma hamı çalışıb, meydanda mübarizə apardı. Futbolçualrıma "sağ ol" deyirəm ki, azarkeşlərimizə qələbə bəxş etdilər. Rəqib çox yaxşı komanda idi. Onların uzun müddət idi məğlub olmadığı deyilirdi. Amma vacib olan statistika yox, qələbədir. Bu oyunu daha yaxşı analiz etməliyik. “Qəbələ”yə də uğurlar arzu edirəm. 

– İkinci hissədə “Qarabağ”ın oyunu yaxşı alındı. Fasilədə oyunçulara nə dediniz?
– Tapşırığı burada deyə bilmərəm. Amma kiçicik bir dəyişiklik etdim. İlk yarıda rəqib futbolçularmıza daha yaxın oynayırdı. Amma 2-ci hissədə yunanlar hücumlarının sayını artırdı və boşluqlar yarandı. Vacib olan oyun üslubumuzu qoruyub, saxlamaq idi. 

– Gözlədiyiniz PAOK-u gördünüz? Həmçinin, “Qarabağ”da nominal mərkəz müdafiəçisi yox idi. Bu, riskli deyil?
– Tam düşündüyüm komandanı gördüm. Bir neçə futbolçunu oyundan kənarlaşdırmağa çalışırdıq və futbolçularım bunu yerinə yetirdi. O ki, qaldı ikinci suala, risk həmişə var. 2 variantımız var idi. 1-ci Maksimi, digəri isə Qaranı müdafiənin mərkəzinə çəkmək. Hər şeyi pozitiv düşünməliyik. Əks halda qorxduğumuz başımıza gələ bilər.

– Reynaldo zədəli olmasaydı, Ndlovu ehtiyatda qalacaqdı?
– Bu haqda fikir bildirə bilmərəm. Kim yaxşı formada idisə, onu meydan buraxacaqdım. O, üzərində çox çalışır və heyətə düşməyi haqq edir. 

– Bundan sonrakı oyunda xal durumu nə dərəcədə dəyişə bilər?
– Xal durumu göz önündədi. Qarşıdakı oyunlarda mütləq bu baxımdan dəyişiklik olacaq. Ümumi üstünlük PAOK-un tərfindədi. Biz Yunanıstana və Çexiyaya səfər edəcəyik. PAOK isə hər iki matçı evdə keçirəcək. 

– Mahir Mədətov necə təsir bağışladı? 
– Ondan razı qaldım. Bəzi məqamlarda təcrübəsi çatmır. Düzdü, ideal  deyil, amma fikrimcə, irəlidə sürəti tam artıra bildi. 

ELMAR ABDULLA-ZADƏ

Shares: