Avropa Liqasının qrup mərhələsi çərçivəsində doğma meydanda Yunanıstan PAOK-unu məğlub edən (2:0) “Qarabağ” ilkə imza atıb. Futbolinfo.az xəbər verir ki, qazanılan qələbə təmsilçilərimizin elladalılar üzərində ilk belə uğurudu.
Ağdamlılar bununla da yunanlarla heç-heçə seriyasına son qoyub. Əvvələr komandalarımızın bu ölkədən olan rəqibləri ilə baş tutan 6 qarşılaşmanın hamısında bərabərlik qeydə alınmışdı. Ümumiyyətlə, Azərbaycan klubları heç vaxt bir ölkə təmsilçisinə qarşı bu qədər məğlubiyyətsiz oyun keçirməyib.
Qrup oyunlarında 5 qol vuran komanda bununla da təmsilçilərimiz arasında sözügedən mərhələdə ən çox fərqlənən klub kimi tarixə düşdü. Qarşıda 3 matçın qaldığını nəzərə alsaq, bu mənada nəticəni daha da yaxşılaşdırmaq olar. Oyunda hesabı açan Dani Kintana ağdamlıların heyətində 4-cü qolunu vurdu. Matçda son nöqtəni qoyan Rahid Əmirquliyev isə avrokuboklarda 2-ci dəfə rəqibini məyus etdi. Bu mənada “atlılar”ın heyətində siftə edən Əmirquliyevin ilk belə sevinci 3 il əvvəl “Xəzər Lənkəran”ın heyətində Malta “Slima Uonders”i ilə oyunda qeydə alınmışdı.
Ümumiyyətlə, qazanılan qələbə Azərbaycan klublarının AL-in qrup mərhələsindəki 3-cü qələbəsidi. Qazanılan hər 3 qələbə məhz “Qarabağ”ın adı ilə bağlıdı. Maraqlıdı ki, hər 3 halda 3 xal məhz oktyabr ayına təsadüf edir. Ötən mövsüm oktyabrın 1-də Bakıda “Anderlext” məğlub edilmişdisə (1:0), 2014-cü il ayın 23-də Ukraynada “Dnepr” eyni aqibəti yaşamışdı.
Fransada “Sent Etyen”ə məğlub olan “Qəbələ” isə Azərbaycan klubları arasında AL-in qruplarında ən bərbad startın müəllifidi. Daha öncə komandalarımız ən pis halda 2-ci turda xal hesabını açmışdılar. Məğlubiyyət komandalarmızın avrokuboklarda Fransa təmsilçilərinə qarşı 4-cü uğursuzluğu oldu. Topu öz qapısına göndərən Rikardinyo isə cari mövsümdə “Qəbələ”nin 2-ci avtoqolunun müəllifi oldu. Daha öncə isə ilk turda “Anderlext” səfərində (1:3) onun həmyerlisi Rafael Santos topa uğursuz toxunmuşdu.