Avropa Liqasının qrup mərhələsində “Qəbələ” yenə uduzdu. Bu dəfə Fransada “Sent-Etyen”ə. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk verdiyi vədə əməl etdi: qonaqlar ilk dəqiqədən göstərdilər ki, müdafiədə oturmaq niyyətində deyillər.
Meydan sahiblərinin təklif etdiyi temp isə… Yumuşaq desək, bu cür sürət heç bir “Azərbaycan” markası adı altında çıxış edən “”11-lik” üçün deyil. Yəni, nə klublarımız, nə də millimiz bu cür tempə davam gətirə bilməz.
Belədə, sürəti öldürmək, topa nəzarəti daha çox etmək, xırda follar hesabına rəqibi əsəbiləşdirmək variantları mövcuddu ki, ümumilikdə, müsbət nəticəyə ümid etmək mümkün olur. Ukraynalı mütəxəssis isə “haydı, igidlər” deyib açıq futbol taktikasını seçdi.
Oyuna baxmayanlar elə düşünə bilər ki, “ağ-yaşıllar” bəxt hesabına qələbə qazanıb. Axı, qarşılaşmada cəmi 1 qol vurulub, onu da Rikardinyo öz qapısından keçirib. Ancaq “Sent-Etyen”in qollarının sayı “Oser faciəsi” qədər də ola bilərdi. Dünənki gecə bəxt həqiqətən də komandamızın tərəfində idi.
Bəli, hücumda Baqali Dabo, yarımmüdafiədə Nika Kvekveskiri və Rəşad Sadiqovun yoxluğunu unutmamışıq. Ancaq “görünən kəndə bələdçi lazım deyil”. Fransızlar o qədər üstün futbol sərgilədi ki, burda hansısa 1-2 personajın oyunun ssenarisini dəyişəcəyini söyləmək özlüyündə gülüncdü. Ancaq bu, abstrakt düşüncələrə söykənərək, hansısa mülahizə irəli sürməkdi. Reallıq isə budu ki, “Qəbələ” boyundan hündürə tullanmaq istədi və bu, gözlənildiyi kimi, alınmadı.
“Sent-Etyen”ə qarşı müdafiədən oynayıb, xoşbəxtliyi əks-hücumlarda axtarmaq olardımı? Belədə, 3 eşelondan ibarət redutlar yaranacaqdı ki, fransızların bu cür xəttləri yarmaq şansları azalacaqdı. Bu cür düzülüşə el arasında “avtobus” deyilir. Bəlkə də yekunda nəinki 1 xal, hətta qələbəylə də qayıtmaq mümkün olardı. Ancaq dediklərimiz ehtimal nəzəriyyəsidi. Çünki həmin taktika daha böyük fərqlə nəticəyə də gətirib çıxara bilərdi.
Reallıq isə budu ki, komandaya bu məğlubiyyətə görə təzyiq göstərmək lazım deyil. Özü də bir neçə səbəbdən.
1) “Qəbələ” ardıcıl 2-ci mövsümdü ki, 4 mərhələ adlayaraq, qruplara düşür. Bu cür uğura Azərbaycanda heç kim indiyədək imza ata bilməyib, elə Avropada da tək-tük komandalar öyünə bilər.
2) “Qəbələ” vur-tut üçüncü dəfədi ki, Avropa Liqasında çıxış edir. Başqa sözlə, təcrübə baxımından hələ çox şeylər öyrənməlidi. Hər halda, ötən mövsüm qruplaradək irəliləyən “qırmızı-qaralar”, bunadək bir dəfə qitəmiqyaslı turnirlərə vəsiqə əldə etmişdi və ilk turdanca ələnmişdi.
3) Komandanın ehtiyat oyunçular skamyası olduqca qısadı. Bəli, Qriqorçukun ixtiyarında sanballı futbolçular var. Ancaq hansısa sıradan çıxan kimi, ukraynalı məşqçinin yaratdığı müxanizmdə axsamalar baş qaldırır.
4) Rəqibin kimliyini unutmayaq. “Sent-Etyen”in çıxış etdiyi çempionatla, “Qəbələ”nin mübarizə apardığı birinciliyi müqayisə edək, yoxsa hər şey aydın oldu?
Qısası, dünənki gecə 90 dəqiqədən sonra tabloda əks olunan nəticəyə görə, üzülməli deyil, sevinməliyik. Eyni zamanda, təmsilçimizin Frnsa, Almaniya, Belçika kimi ölkələrin komandalarına rəqib olmasından maksimum zövq almalıyıq. “Qəbələ”nin isə bu turnirdən qazancı hamıdan çox oldu – təcrübə!
CEYHUN ƏLİYEV