"Qəbələ"nin nəticəsi də, oyunu da gözlədiyimizdən yaxşı alındı. Bu qədər itki ilə Fransada güclü rəqiblə qarşılaşmada meydanda sürünən yox, hətta son dəqiqələrdə diqtə edən komanda gördük. Xal qazanmaq daha yaxşı olardı, təəssüf ki, zədəli bolluğu fonunda 0:1 özü də sensasiya sayıla bilər.
Roman Qriqorçukun yetirmələrinin "Sent Etyen"ə uduzmaması boyundan hündürə tullanmaq olardı. Amma bunu yalnız Rikardinyo bacardı. Onun bu tullanışı isə avtoqol, yekunda da məğlubiyyət gətirdi.
"Qarabağ"a ümid daha çox idi. PAOK daha uyğun rəqib idi, üstəlik, ağdamlılar evdə oynayırdı. Qrupdan çıxmaqla bağlı ümidləri qorumaq üçün toparlanmaq lazım idi və Qurban Qurbanov yetirmələrindən istədiyini ala bildi.
"Qarabağ" qələbəni bəlkə də Reynaldonu itirəndə qazandı. Şəxsən məndə, braziliyalının adını iştirak ərzəsində görməyincə, uğura qəribə inam yaranmışdı. Nəhayət, "köhlən atlar" komanda halında oynayacaq, yalnız özünə oynayan, fərdi oyunu ilə ümumi ansamblı pozan Reynaldonun yoxluğunda mobil komanda təsiri bağışlayacaqdı.
Qurbanov ona həddindən artıq inanır. İnsafən, Reynaldonun təkbaşına udduğu oyunlar da olub, lakin indi həmin gün deyil: braziliyalı formasından çox uzaqdı. Əbədi "payız xəstəliyi" üzündən ilin buvaxtlarında zədələnən Reynaldo yenə "təqaüdə çıxdı". Lakin yunanlarla oyun göstərdi ki, "Qarabağ" Reynaldosuz da böyük döyüşləri udacaq komandadı.
Dünənki matçı Qurbanov qazandı. Rəqibin düzgün təhlili, əla qurulmuş heyət, futbolçulara verilən tapşırıqlar və onun reallaşdırılması alqışalayiq idi. İlk yarıda qonaqlar tam öyrənildi, futbolçuların fərdi bacarığı və topa daha çox sahib olma ilə yunanları əldən saldılar, ikinci hissədə isə bitirici zərbə vuruldu.
Hücumçularımıza çox yaxın oynayan rəqib müdafiəçilərin müqavimətini qırmaq üçün oyunun taleyini ön xəttdə çoxalmalar, yarımmüdafiəçilərin zərbə mövqeyinə çıxması həll edə bilərdi. Belə də oldu. Öncə karyerasının ən yaxşı günlərini yaşayan Maksim Medvedev "balansı pozub", məhsuldar ötürmə verdi, ardınca da meydanda "görünməyən" Rahid Əmirquliyev qapı önündə qəfil peyda oldu.
"Qarabağ" ilk qolu vuranda narın yağış təzə balamışdı. Hətta Qurban Qurbanov üçün gödəkçə gətirmək üçün gedən köməkçisi geri qayıtmamış, Dani Kintana hesabı açıb, qazona düşən ilk yağış damlalarını salamlayırdı.
Bu qol həm də yunanların ilk məyusluğu idi. Əvvəlki 2 oyunda top buraxmadan 4 xal toplayan PAOK hər oyunda qol vuran "Qarabağ"ın təzyiqinə dözə bilmədi. Yunanıstan təmsilçiləri ilə əvvəlki 6 duelin hamısı heç-heçə bitsə də, 7-də tilsim qırıldı.
O da maraqlıdı ki, indiyədək 3 klubumuz 6 qrupda mübarizə aparsa da, yalnız "Qarabağ" qələbə qazanıb. 2 dəfə 1:0-a sevinən ağdamlılar bu dəfə daha inamlı göstəricini reallaşdırdı.
Beləliklə, "Qarabağ" xal ehtiyatını, həm də ümidləri artırdı. Yunanıstanda qazanılacaq xal(lar) bizi çox uzaqlara apara bilər. Üfüqdə işıq görünəndə ona çatmağa daha çox can atırsan.
FƏRİD