Azərbaycan Premyer Liqasında bu gün oyun olmadığından yolumu birinci divizionda salmaq qərarına gəldim. Cari mövsümdə fırtına kimi əsən “Turan Tovuz”un “Bakılı” kimi hər oyununda “çörək verən” komandanın qonağı olması bu matça marağımı daha da artırdı.
Günorta saat 1-də start götürən oyunda maraqlı məqamlar müşahidə edəcəyimə əmin idim. Tribunaya daxil olanda ilk olaraq “Zaqatala” ilə qarşılaşmanın “qəhrəman”ını – klub prezidenti Misir Əbilovun hakimlərdə və qonaq komandalarda var-yox, nəsil qoymayan oğlu Ceyhunu axtardı. O, həmişəkindən fərqli, bu dəfə sakitcə tribunada əyləşmişdi. Deyəsən, ona xüsusi bir polis də ayrılmışdı. Xeyr, ona ayrılan bu asayiş keşikçisi Əbilova mühafizəçilik etmirdi. Əksinə, görünən o idi ki, polis Ceyhunun qəzəbindən meydandakıları qorumaq istəyirdi.
İnsaf naminə “anti-Ceyhun” tədbirləri öz səmərəsini verirdi. Belə ki, artıq 4-cü dəqiqədə hesab açılsa da, səbəbkar ağzını açıb, kiminsə ölüsünü-dirisini “yad” etmədi. Amma bu sükut çox çəkmədi. Matçın 25-ci dəqiqəsində “Bakılı”nın futbolçusunun vurduğu zərbədən sonra top tovuzluların qapıçısından çıxsa da referi İnqilab Məmmədov qapıdan zərbə təyin etdi. Özünü saxlaya bilməyən Əbilov “indi sizi bura göndərəni söyməyə başlayacam”… deyərək yenə dilini dinc qoymadı.
Ümumiyyətlə, ilk yarı qarşılıqlı hücumlar şəraitində keçən matçda sonda böyükhesablı qələbənin qeydə alınacağını düşünmək olmazdı. Hər iki tərəf hücum edir, ancaq heç kim ciddi təhlükə yarada bilmirdi.
Fasiləyə yollanan “Bakılı” futbolçularından biri isə görünür, referinin qərarlarından narazı idi. O, komanda yoldaşına “bir dənə də qırmızı forma İnqilaba geyindirin, işimizi bilək” deyib, narazılığını bildirdi.
Üstüaçıq tribunada hər tərəfdən küləyin hücumuna məruz qaldığımdan isinmək üçün sakit bir yer axtarırdım ki, heç olmasa, 15 dəqiqəni orada keçirim. Elə yenicə külək tutmayan yer tapmışdım ki, bir də gördüm arxa tərəfdə kimsə “yox, bu gün səsi çıxmır, heç kimi söyməyib” deyərək kimlərəsə hesabat verirdi. Bu, gənc hakimlərin işinə qiymət verən sabiq referi Vüsal Əliyev idi. Deyəsən, Ceyhun bəy çoxlarının canına vəlvələ salıb.
Fasilədən sonra isə külək kəsmişdi. Amma əvəzində tovuzlular fırtına kimi əsməyə başladı. İkinci hissənin ilk 10 dəqiqəsi tamam olmamış artıq qonaqlar rəqibini daha 4 dəfə meydanın mərkəzinə dəvət etdi. İlk yarıda normal futbol oynayan bakılılar fasilədən sonra sanki meydanda yox idilər. Çünki Əsgər Abdullayevin yetirmələri istədiyini edirdilər. Hesabdakı üstünlük və komandasının oyununa dominantlıq etməsinə baxmayaraq, Abdullayev komandasının intizamını əldən verməsini istəmirdi. Epizodların birində qapıçı ilə təkbətək çıxan Rəhman Museyev qapı qarşısında boş qalan komanda yoldaşına ötürmə etmək əvəzinə “simiclik” etdi. Bu isə Abdullayevi əməlli-başlı özündən çıxardı. O hətta meydana girib, futbolçunun valideynlərini yaza bilməyəcəyimiz sözlərlə söyərək əsəbini büruzə verdi.
Düzdü, hücumun sonunda tovuzlular qol vursa da, bu, Musayevi “ip”dən almadı. Abdullayev dərhal onu əvəzlədi. Ehtiyat oyunçular skamyasının yanında baş məşqçi ondan niyə ötürmə vermədiyini soruşdu. Musayev isə “Allah haqqı, görmədim” cavabını verdi.
Daha bir diqqətçəkən məqam 4-cü hakimin futbolçuların əvəzlənməsi zamanı tablosuz qalması idi. Belə olan halda, oyunçular ehtiyata çıxacaq komanda yoldaşlarını qışqıraraq çağırırdılar. Amma bu kimi kiçik problemlər də qonaqların gözəl qələbəsinə kölgə salmadı. İkinci hissə boyunca qolları sıralayan “Turan” son dəqiqələrdə daha bir dəfə fərqlənərək ardıcıl 7-ci oyunda 7-ci qələbəsini 7 cavabsız qolla qazanaraq, 7-ləri yanbayan düzdü.
ELMAR ABDULLA-ZADƏ
Əbilov üçün fərdi polis nəfəri