Oktyabrın 23-də Premyer Liqanın 9-cu turu start götürəcək. Turnir cədvəlinə nəzər yetirdikdə, arxada qalan 8 tur barədə müəyyən mülahizələr irəli sürmək mümkün olur. Toplanılan xallara əsasən, şahmat terminologiyasını işə salsaq, demək olar ki, “Qəbələ”, “Qarabağ” və “İnter” debütdən digərlərindən daha yaxşı çıxmağı bacarıblar. Ancaq qarşıda hələ qızğın mittelşpil və ondan da qaynar endşpil var.

Bəs, komandaların debütdəki psixoloji durumu necədi? Komandadaxili ab-havanı bilmək mümkündürmü? Bunun üçün rəsmi ölçü cihazı mövcud olmasa da, bir maraqlı rəqəmlər toplusunu diqqətinizə çatdırıraq, Premyer Liqa təmsilçilərinin daxili ab-havasını üzə çıxarmağa çalışacağıq.

“Cihaz” qismində arxada qalan 8 turda komandaların neçə dəfə qapısında qol gördükdən sonra rəqib torunu silkələməsini götürəcəyik. Şərti olaraq, bərabərlik gətirən qola görə – 1, qələbəni rəsmişədirən topa isə – 3 xal hesablayacağıq. Maraqlıdı ki, həmin oyunların statistikasını çıxardıqda, vur-tut 10 qarşılaşmada hər hansısa bir komandanın qapısından top buraxmasından sonra rəqib torunun silkələnməsinə şahidlik edilib.

İlk turda “Qarabağ”la matçda 0:1 məğlub duruma düşən “İnter” Ruslan Abışovun 70 və 75-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbəni bayram edib.

Zaur Svanadzenin komandasının aktivində daha 3 qarşılaşma var ki, oyunda dönüş yaratmağı bacarıblar. “Kəpəz”lə ev oyununda “bankirlər” hesabda 1:2 geridə olsalar da, yenə də Abışov xilaskar obrazında çıxış edib və son dəqiqə qoluyla komandasını məğlubiyyətdən xilas edib.

“Neftçi”yə qarşı görüşdə də “ağ-göylər” əzmkarlıq nümayiş etdiriblər. Bu dəfə səhnəyə Rauf Əliyev çıxıb. Onun 87 və 90-cı dəqiqədə vurduğu qollar komandasını məğlub durumdan qalibə çevirib.

Nəhayət, AZAL-la matçda da hesabda öndə olan “bankirlər” qapılarından cavab qolu buraxdıqdan sonra ruhdan düşməyiblər. Rauf Əliyev və Ağabala Ramazanovun 2 dəqiqə kəsiyində vurduqları 2 qol komandaya növbəti 3 xalı qazandırıb.

Yenidən “İnter” – “Kəpəz” qarşılaşmasına qayıdaq. Qonaqlar hesabda geri düşdükləri qarşılaşmada Tural Axundov və Jülyen Ebahın qolları ilə önə keçməyi bacarsalar da, qələbəni qoruya bilməyiblər. Ancaq bizim “motivasiya cədvəli”mizdə aktivlərinə 1 xalı yazdırmaq onlara da nəsib olub.

“Kəpəz” daha bir matçda məğlub durumda olsa da, xilas olmağı bacarıb. Şahin Diniyevin yetirmələri Sumqayıt səfərindən 1 xalla dönməyi baş məşqçinin oğlu Kərimin final fitinə 17 dəqiqə qalmış vurduğu qol hesabına bacarıblar.

“Sumqayıt” isə bizim cədvələ uyğun olaraq, aktivinə 3 xalı “Neftçi”ylə görüşdə yazdıra bilib. Samir Abasovun drujinası səfərdə Yusif Nəbiyev və Seymur Əsədovun qolları sayəsində əzmkar qələbəni bayram edib.

“Gənclik şəhəri” təmsilçisi daha bir oyunda məğlubiyyətdən qurtulmağı bacarıb. Bu, AZAL-a qarşı doğma publika qarşısında baş tutan matçda baş verib. Mirabdulla Abbasovun 83-cü dəqiqədə vurduğu qol komandasına 1 xalı qazandırıb.

AZAL cəmi bir qarşılaşmada məğlub durumda olarkən, bərabərlik qoluna imza atıb. Ancaq “təyyarəçilər” bərabərliyi qoruya bilməyiblər. Bu, “İnter”lə matçda baş verib. Nukzar Kvirtiya hesabı bərabərləşdirsə də, fasilədən sonra “İnter” vurduğu 2 qol hesabına aktivinə 3 xalı yazdırıb.

10 xalla 5-ci pillədə qərarlaşan “Zirə” cəmi bir oyunda əzmkarlıq nümayiş etdirib. Adil Şükürovun yetirmələri “İnter”lə səfər qarşılaşmasına əlavə olunmuş 2-ci dəqiqədə məğlubiyyətdən yaxa qurtara biliblər.

Ölkə çempionu “Qarabağ” yalnız bir görüşdə dönüş yaratmağı bacarıb. Bu, “Kəpəz”lə səfər qarşılaşmasında baş verib. Reynaldo Silvanın 75-ci dəqiqədə vurduğu qol 1:1-lik bərabərliyi rəsmiləşdirib.

Avropa Liqasının qrup mərhələsinin digər iştirakçısı – “Qəbələ” də yalnız 1 oyunda məğlubiyyətdən xilas olmağı bacarıb. Roman Qriqorçukun yetirmələri 8-ci turda “İnter” səfərində məğlub duruma düşsələr də, Sergey Zenyov 69-cu dəqiqədə bərabərlik qolunu vuraraq, 1:1-lik heç-heçəni rəsmiləşdirib.

Təqdim edəcəyimiz “motivasiya cədvəli”ndə “Qarabağ” və “Qəbələ”nin niyə belə az xal toplaması sizi təəccübləndirməsin. Axı, bu iki komanda nadir hallarda yenik duruma düşüb. O ki qaldı “İnter”ə, cədvəl bir daha göstərir ki, “bankirlər”in Premyer Liqanın “əjdahalar”ı ilə çiyin-çiyinə addımlamasının əsas səbəbi komandadaxili ab-havadı. Axı, hər kəsə bəllidi ki, sərəncamındakı ifaçılara görə, Zaur Svanadze həm Roman Qriqorçuk, həm də Qurban Qurbanova nəzərəçarpacaq dərəcədə uduzur.

1.    “İnter”         10
2.    “Sumqayıt”  5
3.    “Kəpəz”        2
4.    “Qəbələ”       1
5.    “Qarabağ”     1
6.    “Zirə”            1
7.    AZAL            0
8.    “Neftçi”         0

CEYHUN ƏLİYEV

Shares: