Dünən Azərbaycan çempionatının Birinci Divizionu çərçivəsində “Turan Tovuz” səfərdə “Bakılı” ilə üzləşib. 7:0 hesabı ilə qonaqların xeyrinə başa çatan matçdan sonra əyalət təmsilçisinin baş məşqçisi Əsgər Abdullayev futbolinfo.az saytına müsahibə verib:

– Komandanız “Bakılı”nı 7:0 hesabı ilə darmadağın etməklə ardıcıl 7-ci qələbəsini qazandı. Görüşün bu qədər asan alınacağını gözləyirdiniz?
– Asan deməzdim. Həmişə futbolçulara söyləyirəm ki, komandaları reytinqə bölmək olmaz. Hər bir komanda rəqibdir. Hər oyuna ciddi, axırıncı kimi çıxmaq lazımdı. İlk hissədə imkanlarımız olsa da, onlardan yararlana bilmədik. Yalnız 1 qol vurduq. İstədiyim oyunu görə bilmədim. Nə olur olsun, oyun intizamı pozulmamalıdır. Futbol belə şeyləri sevmir. Oyundan öncə də futbolçuları matça kökləmək üçün çalışırdıq. Yolda avtobusda olarkən oyunçularla söhbətim olmuşdu. Qalib gəldiyimiz üçün sevinirəm. 

– Fasilədə nə dəyişdi ki, ikinci hissədə futbolçularınız qolları sıraladı?
– Hesabdan asılı olmayaraq, final fitinə qədər oyun intizamı qorunmalıdır. Bunu etməyən futbolçuya bəraət qazandırmaq olmaz. Komandanın öz dəsti xətti, oyun sistemi var. İlk dəqiqədən son ana qədər futbolçular buna sadiq qalmalıdılar.

– Son zamanlar komandanızın heyətində ən fəal oyunçulardan biri Səbayıl Bağırovdur. Lakin “Bakılı” ilə görüşdə elə də inamlı təsir bağışlamadı. Onun əvəzlənməsi zəif çıxışı ilə bağlıdır?
– Əvəzlənməsi oyunu ilə bağlı deyil. Düzdür, çıxışında müəyyən boşluqlar var idi. Sadəcə, hesab arasındakı fərqin böyük olması başqa futbolçunun yoxlanmasına şərait yaradırdı. 

– Rəhman Musayevi isə real qol şansını qaçırdıqdan dərhal sonra əvəzlədiniz…
– Dediyim kimi, oyun intizamı hər şeydən önəmlidir. Həmin dediyiniz anda Rəhman daha yaxşı epizodda olan komanda yoldaşına ötürmə də verə bilərdi. Qoy, bu əvəzetmə ona dərs olsun. Qanun qanundur. Oyun intizamını pozmaq olmaz. Matçdan sonra özü ilə danışdıq. Dedi ki, daha yaxşı epizodda olan komanda yoldaşını görməyib. Görməyibsə, bu da onun səhvidir. 

– 7 oyun, 7 qələbə. Komandanızdan belə uğurlu start gözləyirdiniz?
– Desəm gözləyirdim, düzgün çıxmaz. Məqsədimiz elə budu. “Turan Tovuz”u əvvəlkinə gücünə qaytarmaq üçün çalışırıq. Startın belə uğurlu olması yaxşıdır. İndi bu nəticələrin ardını gətirmək lazımdır. 

– Çempionatın liderisiz və növbəti mövsüm üçün Premyer Liqaya yüksəlməyə əsas namizədlərdən hesab olunursunuz. Komandanızın yüksək liqaya yüksəlməsini nə əngəlləyə bilər?
– Hər hansı maneə ilə qarşılaşmamaq üçün əlimizdən gələni edirik. Komandada bütün yaş qrupları üzrə kollektivlər formalaşdırılıb. Artıq 19 yaşlılardan ibarət komandamız da mövcuddur. Çünki 17 yaşdan sonra bir çox futbolçular gözdən itirdi. Bilisiniz ki, Tovuzda daim istedadlı gənclər olub. Onların itməməsi üçün 19 yaşlılardan ibarət komandanı da yaratdıq ki, çempionatda oynasın. İmkanımız olsa, daha bir yaş qrupu üzrə də komanda formalaşdırardıq. Premyer Liqaya vəsiqə qazansaq, əvəzedici heyəti də yaradacağıq. Mərhələ-mərhələ futbolçu yetişdirmək daha yaxşıdır. Güclülər dəstəsini çıxmağı çox istəyirik. 

– İstəyinizə çatsanız, maliyyə artımı gözlənilirmi?
– Bu barədə mən heç nəyə bilmərəm. Maliyyə məsələləri ilə klub rəhbərliyi məşğul our. Sırf futbolla bağlı danışa bilərəm. 

– Hər halda, baş məşqçi kimi klubun gələcək taleyi sizi də maraqlandırmalıdır. 
– Mən əsasən komandanın oyunu, heyətdəki çatışmazlıqlarla bağlı fikir bildirirəm. Maliyyə ilə bağlı Premyer Liqaya çıxdıqdan sonra daha dəqiq danışmaq olar. 

– Belə çıxır ki, Birinci Divizionda çempion olsa belə, “Turan Tovuz”un növbəti mövsümdə Premyer Liqada oynayacağı dəqiq deyil?
– Biz çox ümidliyik. Birinci yeri tutacağımız halda, Premyer Liqada iştirak edəcəyimizə inanırıq. Tovuz rəhbərliyi də komanda ilə yaxından maraqlanır. İcra başçısı Tofiq Zeynalov hətta komandanın bəzən məşqlərində də iştirak edir, çox istəklidir. Tofiq müəllim də komandanı güclülər dəstəsində görmək istəyir. 

– Komanda üçün yaradılan hazırkı şərait sizi qane edir?
– Hazırda hər şey qaydasındadır. Məşq, qidalanma və digər məsələlərlə bağlı heç bir çətinliyimiz yoxdur. 

– Hazırda Birinci Divizionda Premyer Liqaya yüksəlmək uğrunda əsas rəqibləriniz hansı komandalardı?
– Mən rəqibləri reytinqə bölmürəm. Amma 5-6 komanda var ki, onların da birinci yer uğrunda mübarizə apardıqlarına şübhəm yoxdur. 

– Son vaxtlar süni meydanlar geniş müzakirə olunur. Hazırda Tovuz stadionunun da qazonu təbii deyil. Komanda Premyer Liqaya yüksələcəyi halda, qazonun dəyişdirilməsi mümkündürmü?
– Hazırda bu məsələ gündəmdə deyil. Lakin AFFA-dan göstəriş olsa, etməliyik.

– Kubokda da mübarizəni davam etdirirsiz. “Turan Tovuz”un gücü daha bir mərhələ adlamağa imkan verir?
– Mənim üçün komandamın gücünü bilmək maraqlıdır. 2 cəbhədə döyüşmək bizim üçün çətindir. 1/16 finalda qələbə qazandıq. Növbəti rəqibimiz “Zirə”dir. “Zirə” yaxşı komandadır. Onlarla gücümüzü sınamaq istəyirik.

– Yəni, “Turan Tovuz”un əsl gücü “Zirə” ilə oyunda bilinəcək?
– Bəli. Futbolçularımın gücünə həmin oyunda baxmaq istəyirəm. 

– Komandanızın heyətində Nodar Məmmədov, Orxan Lalayev, Vüsal Qarayev kimi Premyer Liqa təcrübəsi olan futbolçular var. Qışda komandaya məhz belə futbolçuların cəlb olunması nəzərdə tutulub?
– Yəqin ki olacaq. Üstəlik, yanvarda Birinci Divizionda limit dəyişikliyi olmalıdır. Nəzərimizdə hazırda bir neçə oyunçu var. Qış fasiləsində onları heyətə qatmağa çalışacağıq.

ELMAR ABDULLA-ZADƏ

Shares: