AFFA Hakimlər Komitəsinin sədri cənab Xaqani Məmmədova. 

Hörmətli Xaqani müəllim! Hazırda 9-cu turun son qarşılaşması olan “Neftçi” – “Qarabağ” matçını media tribunasından izləyirəm. Sizdən qiymətli vaxtınızı ayırıb, yanımda əyləşməyinizi xahiş edirəm. Gələndə özünüzlə binokl gətirməyi də rica edirəm. Bəlkə həmin binokl vasitəsi ilə meydan sahiblərinin maykalarındakı nömrələri sizin köməyinizlə seçə bilək.

Bu vasitənin də xeyri olmayacaqsa, zəhmət olmasa, baş hakim Ramil Diniyevi mikrofonla təchiz edin və o, topun hansı nömrəli futbolçuda olduğunu uca səslə elan etsin. 

Əgər sizin hakiminiz hələ adi prosedur qaydalarını bilmirsə, ona hər iki komandanın futbolçularının nömrələrinin aydın görünməli olduğu barədə mühazirə oxumağınızı xahiş edirəm. 

Əminəm ki, sizin oxuduğunuz mühazirələr nəticəsində bu cür incəliklərə belə nəzər yetirən Diniyev gələcəkdə də Azərbaycan futbolsevərlərini öz qeyri-adi bacarığı ilə təəccübləndirməkdə davam edəcək.

Hörmətlə,
Futbolinfo.az saytının əməkdaşı

CEYHUN ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp