“Neftçi”nin futbolçusu Jayro mövsümdə 3-cü dəfə avtoqol müəllifi olub. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, ilk olaraq Topaz Premyer Liqasının III turunun “Qarabağ”la avqustun 21-də keçirilən qarşılaşmasında (0:3) öz qapısına qol vuran braziliyalı, daha sonra sentyabrın 10-da baş tutan IV turun “Qəbələ” ilə görüşündə (0:8) də eyni xətaya yol vermişdi. Jayro bir də çempionatın IX turunda dünən baş tutan “Qarabağ”la oyunda öz qapıçısını məyus edib. 

Bununla da Jayro üç dəfə avtoqola imza atan 4-cü futbolçu kimi Azərbaycan çempionatları tarixinə düşüb. O, Natiq Qasimov, Ayxan Abbasov və Saşa Yunisoğlunun antirekorduna şərik çıxıb.
 
Lakin Jayro öz qapısından ən çox – 3 qol keçirmiş əcnəbi futbolçu kimi də tarixə düşüb. Braziliyalı eyni mövsümdə 1-dən artıq avtoqol edən 5 oyunçudan biridi.
 
Jayro 2005/06 mövsümündə ikisi eyni oyunda olmaqla öz qapısına 3 qol vuran Natiq Qasımovun (MOİK) bu antirekordunu da təkrarlayıb. Ruslan Abışov (“Neftçi”) 2011/12, Eltun Yaqublu isə (AZAL) 2014/15 mövsümlərində 2 dəfə üzüntü yaşayıb.
 
Ümumilikdə isə Jayro 1-dən çox avtoqol müəllifi olan 20 futbolçudan biridir. 4 oyunçu 3 dəfə belə uğursuzluqla üzləşibsə, 16 futbolçu 2 dəfə öz qapıçısını məyus edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp