"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

– Oyun haqda danışmaq çətindi. Çox səhvlər etdik. İkinci hissədə komandam təzyiqə dözmədi. Ən pis oyunlarımızdan birini oynadıq. Bu oyunu unutmalı və növbəti oyunlar haqda düşünməliyik. Çalışacağıq “Sumqayıt”la oyunda vəziyyəti düzəldək. Bu gün komanda heç cür yaxşı oynamadı. Amma həyat davam edir. Futbolçuları günahlandırmaq istəmirəm. Qapımızdan keçən qol haqda danışmaq istəmirəm. 

– “Zirə” bu gün hansı cəhətdən “Kəpəz”i məğlub etdi?
– Məncə, motivasiya cəhətdən “Zirə” bizdən üstün idi.

– Artıq avrokuboklara vəsiqə uğrunda mübarizədən qopduğunuzu düşünmək olar?
– Yox. Bizim şansımız var. 3 xallıq sistemdə irəliləmək asandır. Avrokubok yolunda heç kimə məğlub olmayacağıq.

– Darionun yoxluğunda “Kəpəz” yaxşı oyun sərgiləmir. Ancaq ötən il də Dario yox idi, “Kəpəz” yaxşı oynayırdı.  Demək olarmı ki, hazırda komandada Federiko əvəzləyə biləcək futbolçu yoxdu…
– “İnter”lə oyunda yaxşı oynamışdı. “Kəpəz” Dario demək deyil. Biz ötən il Dariosuz avroubok zonasına qədər irəliləyə bilmişdik.

ELMAR ABDULLA-ZADƏ

Shares: