“Kəpəz”lə oyunlar həmişə çətin olur. Bunu ilk dövrədəki oyunda da hiss etmişdik. Bizə də 3 xal lazım idi. AZAL-la oyundakı xal itkisindən sonra mütləq qələbə qazanmalı idik. Bu gün baş məşqçimizin verdiyi tapşırıqları düzgün yerinə yetirdik. Bu gün qələbə qazandıq, növbəti turda “Qarabağ”la oyunda da qələbə qazanmalıyıq”. Futbolinfo.az xəbər verir ki, bu sözlər “Zirə”nin futbolçusu Cavid Tağıyevə məxsusdu. 

“Zirə” Topaz Premyer Liqasının 10-cu turunda öz meydanında “Kəpəz”i 2:0 məğlub edib. Maçtdan sonra fikirlərini bildirən Tağıyev “Kəpəz”lə oyuna xüsusi motivasiya ilə hazırlaşdıqlarını deyib: “Oyundan əvvəl məşqçimiz bizə çox motivasiya verdi. “Kəpəz”lə oyunun çox çətin keçəcəyini bilirdik. Şükürlər olsun ki, bu gün baş məşqçimizin tapşırıqlarını yerinə yetirə bildik”.

“Zirə” Premyer Liqanın 11-ci turunda “Qarabağ”la qarşılaşacaq. Tağıyev sabiq komandasına qarşı oyunun özü üçün xususi prinsipiallıq daşımadığını vurğulayıb:  “Qarabağ”a qarşı oynamaq mənim üçün prinsipiallıq daşımır. Futbolçu istənilən komandaya qarşı oynaya bilər. Zədəm olmasa, “Qarabağ”la oyuna yaxşı hazırlaşacam. Mən özümü heç kimə sübut etmək niyyətində deyiləm. Bütün oyulara necə hazırlaşıramsa, “Qarabağ”la oyuna da elə hazırlaşmağa çalışacam”.

Shares: