Premyer Liqanın 10-cu turunun son qarşılaşması çərçivəsində keçirilən "İnter" – "Sumqayıt" görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis məğlub durumdan dönüş yaratmağı bacarmaqlarını müsbət xüsusiyyət kimi dəyərləndirib.

– 3 xal qazanmağımız əladı. Yaxşı da futbol oynadıq. Doğrudu, qapımızda erkən qol gördük. Ancaq tədricən oyunun ipini yığa bildik. Qarşıdan "Neftçi"ylə oyun gəlir. Ümid edirəm ki, qış fasiləsinə yaxşı notlarla yollanacağıq.

– "İnter"də baş verən prezident dəyişikliyi komandaya nə dərəcədə təsir göstərəcək?
– Rəşad müəllimin gedişi komandaya cüzi təsirini göstərəcək. Ancaq biz peşəkarıq, hər kəs öz işini görməlidi. Start fiti səslənəndə hər şey unudulur və hər kəs mübarizəyə qoşulur. 

– Ötən tur Roman Qriqorçuk iki futbolçusunun zədələnməsini örtüklə bağlamışdı, siz də bunu ironiya ilə qarşılamışdınız. Bu gün isə Rauf Əliyev zədələndi…
– Bu meydança oynamaq üçün yararlıdı. Qriqorçukdan başqa heç kim burdan şikayətlənməyib. O ki qaldı Raufa, hücumçu bu gün yox, Gəncədə zədə almışdı. Ona dincəlmək imkanı vermək istəyirdim, lakin hücumçu israrla meydana çıxmaq istədiyini bildirdi.

– Bu gün hansı oyunçunu xüsusi fərqləndirə bilərdiniz?
– Birinci hissədə Ağabala Ramazanov səviyyəsindən aşağı çıxış etdi. Ancaq fasilədən sonra əla təsir bağışladı. Sürətli və ağıllı oyunçudu.

– Nizami Hacıyev bu gün dubl etdi. Necə düşünürsünüz, o, milli komandaya dəvət üçün hazırdımı?
– Nizami ikinci hissədə əla oynadı. Qarşıdan "Neftçi"ylə oyunumuz gəlir. Yəqin ki, millinin məşqçilər korpusu bütün oyunçuları izləyirlər. Bizdə oynamağa hazırdı. Ancaq milliylə bağlı qoy söz sahibləri fikir bildirsinlər.

– Komandanız 10 tur ərzində 4 ya 5-ci dəfədi ki, hesabda geri düşür və sonra oyunda dönüş yaradır. Əsəblərlə oynamaqdan zövq alırsınız?
– Bu, əslində yaxşı xüsusiyyətdi ki, məğlub duruma düşən komandamız ruhdan düşmür. Əlbəttə, zövq almıram. Sadəcə, belə alınır. Ümid edirəm, növbəti turda hesabı açan tərəf də biz olacağıq, qalib gələn də.

Sonda Svanadze öz əlavəsini etmək istədi: "Bu qələbəni Rəşad Qasımova həsr edirik".

CEYHUN ƏLİYEV

Shares: