Bu gün onun üçün oynadılar. Bir ilə yaxın gecəsini-gündüzünü haram edib, klubu xilas etməyə həsr edən Rəşad Qasımov üçün. Məğlub duruma düşdükdə də bu 90 dəqiqənin tamamında üstün olacaqlarına şübhə etmədilər. Simvolikdir ki, matçda qələbə qollarını kapitan vurdu. Nizami Hacıyev bu axşam futbol oynamırdı, o, əsl kapitan kimi döyüşürdü, vuruşurdu. Kim üçünsə bu, simvolik xarakter daşıya bilər, ancaq komanda Rəşad Qasımovun gedişini bir an belə unutmadı: nə məğlub duruma düşdükdə, nə də hesabda önə çıxdıqda.
“İnter” növbəti dəfə “soyuq duş”a düşdü. “Bankirlər” ilk 15 dəqiqənin tamamında yenik duruma düşmüşdülər. Amma bu dəfə komandanın sıralarında qalib gələcəklərinə şübhə edən yox idi.
Klub prezidenti son zamanlar olduğu kimi, bu dəfə də jurnalistlərin əyləşdiyi tribunada qərarlaşmışdı. Düz arxamda əyləşmişdi. Özü də bilmirdi. Lakin noutbukumun monitorunda onun hər epizoda nə cür reaksiya verdiyini monitordan güzgü kimi istifadə edərək, görürdüm. Zurab Xizinaşvili hesabı bərabərləşdirdikdə isə Qasımov partladı – “qooool” çığıraraq, ayağa qalxan klub rəhbəri uzun müddət əyləşmədi… o, gürcü veteranı ayaq üstə dayanaraq alqışlayırdı. Ətrafındakı dostları da onu yalqız qoymadı. Onlar da, Rəşad bəylə birlikdə ayaqda idilər.
İndi Qasımovun ətrafı səbrsizliklə ikinci qolu gözləyir, klub prezidenti isə “Xizadan het-trik istəyirəm” deyirdi. Xiza bir daha fərqlənmədi, ancaq komanda Qasımova hədiyyəsini etdi. Nizami Hacıyev “İnter”i hesabda önə çıxaranda komanda yoldaşlarını başına yığıb, onları ayaq üstə alqışlayan Rəşad Qasımovun yer aldığı tribunaya tərəf qaçdı. Komanda prezidenti əllə işarə edərək, qolu ona həsr etdiyini göstərdi.
Matçın sonlarına yaxın Nizami daha bir qola imza atdı. Bu, artıq qələbənin rəsmiləşməsi idi. “Bankirlər” 1 ilə yaxın kluba rəhbərlik edən şəxsin şərəfinə qələbə marşını çaldılar. “İnter” 10-cu görüşündə 5-ci qələbəsini qazandı. “İnter” 10-cu görüşündən də məğlub ayrılmadı. “İnter” ilk 3-lükdəki mövqeyini bir qədər də gücləndirdi.
Matçın 90-cı dəqiqəsi tamamlanır və baş hakim görüşə 3 dəqiqə əlavə etdiyini bildirir. Qasımov yerini tərk edir və tribunaların altına yönəlir. Final fiti səslənərkən, klub prezidenti Zaur Svanadzeyə yaxınlaşır. Baş məşqçiylə qucaqlaşıb, vidalaşan prezident, daha sonra futbolçularla da bir-bir eyni ssenarini təkrarlayır. Sonda o, “İnter” fanatlarının toplaşdığı tribunaya yaxınlaşır və matçın əvvəlində onun şərəfinə pankart açan azarkeşləri də alqışlayır. Fanatlar da sevimli prezidentlərini eyni alqışla yola salır.
Azərbaycan futbolu bu cür vidaya şahidlik etməmişdi. Dünya futbolu haqda isə deyə bilmərəm. Qoy bunu statistika həvəskarları araşdırsın. Hər halda ölkə çempionatına heç bir ciddi iddia ilə qatılmayan klubun prezidenti uzun marafonun ortasında bir məğlubiyyət acısı dadmadan klub rəhbəri kürsüsü ilə vidalaşır.
Sponsorlar seçimini etdi. Deyə bilmərik, onlar üçün “İnter”in taleyi nə dərəcədə maraqlıdı. Bunu tarix göstərəcək. Ancaq yaxın illərdə Premyer Liqaya bu cür rəhbərin gələcəyinə şübhə edirik. Təki yanılaq.
CEYHUN ƏLİYEV