Premyer Liqada 10-cu tur arxada qaldı. Bu turu lal-dinməz də adlandırmaq olar. Baş tutan 4 qarşılaşmanın heç birində nəzərəçarpacaq sensasiya qeydə alınmadı. Yalnız “Kəpəz”in məğlubiyyəti bir qədər gözlənilməz oldu.
Başlayaq elə Gəncə təmsilçisinin Zirə səfərindən. Ötən mövsüm hər iki komanda yüksək yerlər uğrunda mübarizə apardı. Bu il isə nə “Zirə” görünür, nə də “Kəpəz”. Adil Şükürovun yetirmələri qeyri-sabit oyunuyla mövsümün əvvəlində təəccübləndirirdilərsə, indi bu, adət halını alıb. Hətta qalib gəldiyi görüşlərdə də hansısa əlahiddə futbolla seçilmirlər.
“Kəpəz”ə gəlincə, komanda ortabab statusu ilə barışmalı olur. “Qarşıda oyunlarımız var” deməklə deyil. Məgər qarşıdakı oyunlara başqa futbolçular çıxacaq? İndi çıxanlar arasında isə daha böyük ümidlər bəslənilən Serjinyo ilə Ebah gözləntiləri doğrultmur. Dario Federiko da vaxtının daha böyük hissəsini lazaretdə keçirir. Bu gedişlə adlarını çəkdiyimiz futbolçular qışda geri göndəriləcək. Hər halda, klub rəhbərliyi arxada qalan 10 matçın yalnız 2-də qələbə sevinci yaşayıb və bunun məsuliyyəti ilk növbədə keyfiyyətsiz legionerlərdədi. Böyük ehtimalla Şahin Diniyev də bu faktla barışıb və onları yola salmaq üçün qış fasiləsini səbrsizliklə gözləyir.
“Qarabağ” çətinliklə olsa da, AZAL-ı səfərdə məğlub etməyi bacardı. Doğrudu, ağdamlılara bunun üçün 63 dəqiqə tər tökmək lazım oldu. Ancaq lazım olan qələbə idi ki, Qurban Qurbanovun yetirmələri də bunu bacardı. İndi son 3 mövsümün əvəzsiz çempionu rahat-rahat Avropa Liqasının oyununa hazırlaşa bilər. Hər halda, əhval-ruhiyyə 3 xaldan sonra yüksək olmaya bilməz.
Yekun nəticəyə diqqət yetirdikdə “Qəbələ”nin “Neftçi”ni asanlıqla məğlub etdiyini söyləmək olar. Ancaq reallıq budu ki, “ağ-qaralar” liderə başağrısı yaşada bildilər. Yalnız matçın əvvəlində qonaqların sıralarında çaşqınlıq hökm sürdü. Bundan sonra isə Elxan Abdullayevin yetirmələri “dişləri”ni göstərə bildilər. Onlar hətta oyunun əvvəlində buraxdıqları qolun əvəzini də çıxmağı bacardılar. Lakin müdafiəçilərin faciəvi oyunu “Neftçi”nin çempionatda ilk heç-heçəsinin rəsmiləşməsinin qarşısını aldı.
“İnter” yenə əzmkarlıq nümayiş etdirdi. Bu dəfə “bankirlər” “Sumqayıt”ı əvvəlcə sevindirib, sonda boynubükük yola sala bildilər. Komanda ruhunu növbvəti dəfə ortaya qoyan Zaur Svanadzenin yetirmələri medallar uğrunda mübarizədə “Zirə”nin fərqi azaltmaq arzusunu gözündə qoydular. Bunun nəticəsində üst sıralardakı “Qəbələ”ylə “Qarabağ” da əsas rəqiblərindən uzaqlaşmağı bacarmadılar.
CEYHUN ƏLİYEV