“Buna qədə “Kəpəz”ə qarşı oynadığımız matçlarda oyunumuz alınmırdı. Təsadüfi deyil ki, ötən mövsümdən bəri oynadığımız 5 oyunda “Kəpəz”i məğlub edə bilməmişdik. Ona görə də, bu oyuna yüksək motivasiya ilə çıxmışdıq. Qələbə qazanmağımız yaxşı oldu, bütün komandanı təbrik edirəm”. Futbolinfo.az xəbər verir ki, bu sözlər “Zirə”nin hücumçusu Nurlan Novruzova məxsusdu.
“Zirə” Topaz Premyer Liqasının 10-cu turunda “Kəpəz”i 2:0 hesaı ilə məğlub edib. Oyundan sonra əməkdaşımızın suallarını cavablandıran gənc futbolçu oyunun özləri üçün 6 xallıq matç olduğunu vurğulayıb: “Həqiqətən də, bu oyun bizim üçün 6 xallıq görüş idi. Yalnız qələbə haqda düşünürdük".
Novruzov öz oyunu haqda danışıb: “Deyirlər ki, meydançada rəqibləri cırnadıram. Yəni əlimdən gələn nə varsa, “Kəpəz”lə oyunda etməli idim. Çünki bu oyun bizim üçün çox vacib idi. Düşünürəm ki, istədiyimi edə bildim”.
Oyunun gedişi zamanı Novruzovun “Kəpəz”in futbolçusu Nicat Qurbanovla kiçik mübahisəsi düşüb. Futbolçu həmin epizodla bağlı bunları deyib: “Meydanda olan hərəkətləri burada danışsaq, bir az çirkinlik kimi çıxar. Rəqib məğlub olduğu üçün futbolçular hirsli idi. Elə epizodlarda emosiyalar başqa cür olur. Aramızda başqa heç nə olmadı”.