Futbolçuların qorxulu röyasına çevrilən süni meydança hər tur kimisə “bədbəxt” edir. AZAL-la matçdan sonra “Qarabağ”ın hücumçusu Muarem Muaremin şikayətləndiyi süni qazonlar dünən “Kəpəz”lə oyunda “Zirə”nin 2 oyunçusunun sıradan çıxmasına səbəb oldu.
Matçın ilk yarısında Gerhard Proqni, daha sonra isə Viktor İqbekoyi əzələsində yaranan problemlərə görə matçı yarımçıq tərk etdi. “Qartallar”ın mətbuat katibi Elman Himayətoğlundan aldığımız məlumata görə, futbolçuların zədəsi ciddi deyil. Əzələsi yüklənən oyunçular növbəti turda “Qarabağ”la matçda meydana çıxa biləcəklər.
Sarı vərəqə alaraq cəzalı duruma düşən Təmkin Xəlilzadə isə ağdamlılarla matçı buraxacaq.