Əliyar Ağayevin DÇ-2018-in seçmə mərhələsində hansı oyuna təyinat aldığı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, FİFA referimiz noyabrın 13-də keçiriləcək Kipr – Cəbəllütariq matçında ədaləti qoruyacaq.
Son vaxtlar ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən hakimimizin DÇ-2018-in hansısa seçmə mərhələ oyununa təyinat alacağı öncədən bilinirdi. Artıq təyinat dəqiqləşib və UEFA-dan bu barədə AFFA-ya rəsmi məktub gəlib. Qurum bu barədə açıqlama verməsə də, özəl mənbələrdən Kipr – Cəbəllütariq matçının həmyerlimizə tapşırıldığını öyrənmişik.
Az öncə AFFA Hakimlər Koitəsinin sədri Xaqani Məmmədovdan xəbəri dəqiqləşdirmək istədik. O, heç bir məlumat verə bilməyəcəyini deməklə yanaşı, hər şeyin sabah aydınlaşacağını söylədi. Sədr xəbəri nə təsdiq, nə də təkzib etdi.
H qrupunun autsayderlərinin görüşü noyabrın 13-ü, saat 21:00-da start götürəcək. Bu komandalar hazırda yer aldıqları qrupda xal toplaya bilməyiblər.