Təsdiqini gözləyən yeni dövlət proqramının giriş hissəsində keçilmiş yola nəzər salınır. Orada qeyd olunur ki, ilk proqramın tətbiqi üçün bir çox ciddi tədbirlər həyata keçirilib.
2008-ci ildə – proqramın qəbul olunmasından yalnız 3 il sonra – əsas inkişaf prioritetləri müəyyən edilib. İnfrastruktur, Kütləvi Futbol və Təhsil. Amma üstündən 8 il keçəndən sonra yaza bilərik ki, proqramın istiqamətləri düzgün müəyyən edilsə də, onun yerinə yetirilməsində çatışmazlıqlar var və bu, növbəti dövlət proqramının tətbiqində də əngəllər yaradacaq.
İnfrastrukturla bağlı ilk yazıda ən vacib məqamları qeyd etmişdik. Həqiqətən, bir çox arenalar, təlim-məşq bazaları istifadəyə verilib. Lakin onların heç də hamısı tam gücü ilə işləmir. Xüsuslə stadionların istismarında kadr problemləri üzündən xoşagəlməz hallar meydana çıxır, “Bakı”nın təlim-məşq bazası hətta regionda bir nömrəli olsa da, bu gün diqqətdən kənarda qalıb və yiyəsiz xarabalığa çevrilməkdədi. AFFA-nın balansında olan qurğularda vəziyyət qənaətbəxşdi, üstəlik, “Qəbələ” və “Qarabağ” da bu baxımdan müsbət addımlar atıb.
Futbolun kütləviliyi ilə bağlı bir sıra işlər görülüb. Az qala hər yaş qrupu üzrə komandaların yaradılması, yarışların keçirilməsi, əvəzedicilər arasında yarışın bərpası müsbət addımdı. Hətta küçə futboluna qayğının artırılması, həvəskarlar arasında yarışların keçirilməsini də alqışlamaq lazımdı. Müxtəlif yerlərdə salınan yüzlərlə mini-futbol meydançaları da kütləviliyə xidmət edir.
Çatışmazlıqlar əsasən yarışların ideal təşkil olunmaması ilə bağlıdı. Uşaq liqalarında problemlər bu gün də davam edir. Əsas problem elita klublarının sayının ildən-ilə azalması, divizionda rəqabətədavamlı klubların azlığıdı.
Kütləvi futboldan danışarkən xüsusilə futbolun bütün ölkəyə yayılmasını qeyd etməliydik. Lakin təəssüf ki, bu baxımdan ciddi problem var. Premyer Liqada paytaxta sığınan “Qarabağ”ı və Bakıya bitişik Sumqayıtın təmsilçisini saymasaq, cəmi 2 bölgə klubu var. Halbuki Bakı çempionatındansa, elita təmsilçilərinin 70-80 faizini məhz “Kəpəz”, “Qəbələ” kimi bölgə klubları təşkil etməliydi.
İşlərin düzgün qurulmamasının nəticəsidi ki, cənub bölgəsinin yükünü çiyninə alan “Xəzər Lənkəran” fəaliyyətini dayandırıb, Zaqatala təmsilçisi diviziona enib, ölkənin şimalı isə ümumiyyətlə, unudulub. Düzdü, divizionda əhatə dairəsi daha genişdi. Lakin burada da hər şey görüntü xatirinədi. Elə olmasaydı, Tovuzun, Qusarın, Mingəçevirin, İmişlinin və s. rayonlarımızın komandaları Premyer Liqaya lisenziya alardı, “Neftçala” kimi ardıcıl 2 il çempion olan klub dağılmazdı.
Təhsillə bağlı problemlər də yetərincədi. Məktəbli kuboku, tələbələr arasında müxtəlif yarışlar, hansısa təhsil ocağında meydanların quraşdrılması, pilot layihəsi olan futbolun xüsusi fənn kimi təbliğ olunması diqqətəlayiq addımlardı, amma kifayət deyil. Nümayəndəsi AFFA İcraiyyə Komitəsində də təmsil olunan Təhsil nazirliyi ilə işlər daha səmərəli qurulmalı və genişləndirilməliydi. AFFA bu nazirliyin tərkibindəki idman cəmiyyətləri ilə daha yaxşı işlər görə bilər.
Yeni proqramın hesabat xarakterli giriş hissəsində yazılır ki, qadın futbolunun inkişafı üçün işlər görülüb. 3 liqanın və 4 milli komandanın yaradılması doğrudu. Lakin etiraf etmək lazımdı ki, həmin liqalarda oynanılan futbolun keyfiyyəti həddindən artıq aşağıdı, milli komandalarımızın heyəti isə başdan-ayağa legionerlərdən ibarətdi. Yəni, burada da görüntü xatirinə şişirtmələr çoxdu.
Könüllülərlə bağlı böyük şəbəkənin yaradılması barədə qeydlər isə tamdoğrudu. AFFA bu praktikadan məharətlə yararlanır və ölkəmiqyaslı, eləcə də beynəlxalq oyunlarda bunun əyani şahidi oluruq.
Yeni layihəni hazırlayanlar, ilk proqramda nəzərdə tutulanların hamısının yüksək səviyyədə həyata keçirilməməsinin səbəbi kimi iqtisadi böhranı göstərir. Dünyanı ağuşuna alan problemlərin futbolumuza, xüsusilə klublarımıza mənfi təsiri doğru vurğulanır. Lakin hesab edirik ki, vaxtında düzgün planlaşdırılma aparılsaydı və belə fors-major halları nəzərə alınsaydı, iqtisadi böhrandan da minimal itkilərlə çıxmaq olardı. Lakin bizdə – xüsusilə klub futbolunda – kapitalın düzgün idarə olunmaması nəticəsində acı nəticələr reallaşdı. Dövlət proqramının gətirdiyi maliyyə axını “Xəzər Lənkəran”, “Bakı” kimi klubların timsalında eybəcərliklərini daha çox büruzə verdi. Əvəzində “Qəbələ”, “Qarabağ” kimi mərhələli inkişafı əsas götürən klublar da üzə çıxdı və nəticədə kimin dağıldığının, kiminsə həyatda olduğunun şahidiyik.
AFFA yeni proqramdan sonra Şərqi Avropanın qabaqcıl milli futbol assosiasiyalarından biri olmağı hədəf götürüb. Proqramdan sitat: “Bu məqsədə nail olmaq üçün qərara aldıq ki, 2008-ci ildə müəyyən olunmuş prioritetlərin uğurundann yararlanaraq 2016/17-dən 2020/21-ə qədər olan növbəti 5 futbol mövsümü üçün təşkilatımızın strategiya planını hazırlayaraq. Bu dövr 2020-ci ildə UEFA Avropa Çempionatının Finalından sonra yekunlaşacaq. Azərbaycan üç qrup mərhələsi oyununun və bir ¼ final oyununun Bakıda keçirilməsi ilə UEFA UERO 2020-nin ev sahibi ölkələrindən biri olduğu üçün qürur duyur – bu, AFFA-nın vacib məqsədidir. Elə buna görə də, AFFA yeni strategiyanı “Grow 2020” adlandırmışdır”.
Göründüyü kimi, AFFA yeni strategiyanı, yeni dövlət proqramı layihəsini AVRO-2020-yə hesablayıb və bu yarışın finalçılarından biri olmaq gizli, eyni zamanda əsas məqsəddi. Qurum bunun həyata keçirilməsi üçün dövlət qayğısına ümid edir və bu haqda növbəti yazılarımızda əlavə qeydlərimiz olacaq.
FUTBOLİNFO.AZ