17 yaşlılardan ibarət yığma komandamız Avropa çempionatının ilkin təsnifat mərhələsindəki çıxışını başa vurub. Yeniyetmələrimiz son oyununu meydan sahibi – Rumıniya üzərində qələbəylə bitirməklə, yekun cədvəldə 3-cü pillədə qərarlaşıb.
Vüqar Məmmədin yetirmələri əvvəlcə İngiltərə, ardınca isə Avstriyadan aldıqları yenilgidən sonra taleləri ilə barışmalı olublar. Çünki hər iki komanda ilk 2 turu qələbəylə başa vurmağı bacarıb.
Buna baxmayaraq, yeniyetmələrimizin qrupdakı rəqiblərinin səviyyəsini də nəzərə almaq lazımdı. Etiraf edək ki, yığmanın İngiltərə ilə ayaqlaşması bu gün real deyil. Hərçənd Avstriya ilə bəlkə də daha uğurlu nəticəyə ümid etmək olardı. Ancaq Məmmədin yetirmələrinin gücü yalnız ilk yarıda buraxdıqları qolun əvəzini çıxmağa yetib. Fasilədən sonra rəqibin daha 2 dəfə fərqlənməsi yeniyetmələrimizin bu matçdan da başıaşağı ayrılmasını şərtləndirib.
Ancaq ardıcıl 2 məğlubiyyətə baxmayaraq, futbolçularımızın təşkil etdiyi bir ev hazırlığı həqiqətən diqqətçəkən olub. Cərimə zərbəsi zamanı üçgedişli kombinasiya yəqin ki, tezliklə daha böyük yaş qruplarında da tətbiqini tapacaq.
O ki qaldı Rumıniya üzərində qazanılan qələbəyə, bu, daha çox nüfuz döyüşü olub. Yeniyetmələrimizin də bu döyüşdən qalib ayrılması psixoloji baxımdan olduqca önəmlidi. Çünki turnir Rumıniyada keçirilirdi və futbolçularımız səfər qələbəsi qazanmağın mümkünlüyünü praktikada hiss ediblər.
Yekunlaşdıraq. Əlbəttə, yeniyetmələrimizin növbəti mərhələyə yüksəlməsi əla olardı. Ancaq qrupdakı rəqiblərin futbol ənənələrini nəzərə aldıqda, komandamızın çıxışını “kafi” hesab etmək olar.
AĞA