Danışılmış oyunlarla bağlı AFFA-nın atdığı adımlar yavaş-yavaş hüquqi müstəviyə daşınır. Totalizatora pul qoyuluşları ilə bağlı hazırlanan bəyannamə klublara göndərilməyə başlayıb.
Bununla yanaşı, AFFA qanun layihəsi təklifi ilə də çıxış edib. Gənclər və idman Nazirliyində yaradılan xüsusi işçi qrupu təklifə müsbət rəyini bildirib. İndi növbə Milli Məclisindi və böyük ehtimalla noyabrın 15-dək bu, rəsmi təsdiqini tapacaq.
Qanunvericiliyə əsasən, Milli Məclisdə qanun qəbul edildikdən sonra ölkə prezidenti tərəfindən imzalanmalıdı. Bu prosedurun da 2016-cı ilin sonunadək başa çatacağı gözlənilir.
Əldə etdiyimiz məlumata görə, oyunların manipulyasiyasında iştirak edən şəxslərə qarşı 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə, və ya 5 min manatlıq cərimə cəzası tətbiq ediləcək.
Məsələnin araşdırılması və lazımi instansiyalara verilməsi məsələsinə gəlincə, bununla bağlı hələ ki, konkret mexanizm tətbiq edilməyib. Ancaq əsas məsələ budu ki, “buzlar əriməyə başlayıb”, AFFA işbazlarla ciddi mübarizəyə start verib.
Təşəbbüs AFFA-dan gəlsə də, Gənclər və İdman Nazirliyinin bu məsələdə kənarda qalmamasının səbəbi də böyük ölçüdə aydındı: görünür, pul qoyuluşları barədə siqnallar təkcə futbol təsərrüfatından gəlmir və idmanın digər qollarında da bu cür əyintilər mövcuddu. Artıq 2017-ci ildən əməli tədbirlərin görüləcəyi gözlənilir. Bu isə işbazların etdikləri əməllərdən ən azından çəkinəcəkləri deməkdi. Bir neçəsi törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunacağı təqdirdə isə digərləri özlərini yığışdıracaq. Buna zəncirvari reaksiya deyilir.
Yüzə dözən yüz birə də dözər. Ümid edək ki, 2017-ci ildən etibarən futbolumuz çirkabdan təmizlənməyə başlayacaq.
FƏRİD