“Azərbaycanla oyunda bizi sərt mübarizə gözləyir”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.
 
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya noyabrın 11-də Azərbaycan millisini qəbul edəcək.
 
Ölkəsinin mətbuatına açıqlama verən Onil matçla və yığmamızla bağlı fikirlərini bölüşüb. Təcrübəli çalışdırıcı ehtiyatlı danışıb: “Rəqib ilk 3 oyunda 7 xal toplayaraq, yaxşı nəticə göstərib. Üstəlik, qol da buraxmayıblar. Bir sözlə, Azərbaycan yığması seçmə mərhələyə yaxşı start verib. Onlar elə komanda deyillər ki, bizimlə oyunda ilk dəqiqələrdən irəli atılsınlar. Azərbaycan yığması yaxşı təşkilatlanmış komandadı. Rəqibin ilk 3 görüşünü izləmişəm. Buna əsasən, onlarla oyunun çətin keçəcəyini gözləyirik”.
 
Onil söhbət əsnasında “Vest Bromviç”in müdafiəçisi Kris Brantın yenidən yığmaya çağırılmasına da toxunub: “Son vaxtlar özünə gəlib. O, Premyer Liqada çıxış edən futbolçudu. Odu ki, həmişə bizim komandada olacaq. Brantın yoxluğu Avropa çempionatının final mərhələsində bizim üçün ciddi itki idi. Bu mənada, qayıdışı Azərbaycanla oyunöncəsi üstünlüyümüzdü”. Apasport
Shares: