– Sabah futbola gedək?

– Dəlisən? Bu havada çöldə donmaq? Yox, qardaş, mən xəstə deyiləm.

Yazıya başladığımız şərti dialoq istənilən fanatın dostunu stadiona dəvət etməsinin nümunəsidi. Əlbəttə, müəyyən qrup fanatlar var ki, onlar üçün qış, qar, soyuq, külək, yağışın heç bir əhəmiyyəti yoxdu. Lakin əksəriyyət üçün futbol tamaşadı. Tamaşa zamanı donmaq arzusu ilə isə hər kəs alışıb-yanmır.

Özü də bu, təkcə Azərbaycanda belə deyil. Belarus və Ukrayna kimi (Azərbaycana baxmış) futbol ölkələrində də havalar soyduqdan sonra stadionlara gələn yoxdu. Elə həmin Ukrayna çempionatının 13-cü turunun qarşılaşmlarını orta hesabla 1779 azarkeş izləyib. Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına orta hesabla 800 azarkeş gəlib. Razılaşaq ki, fərq astronomik deyil. Hərçənd klubların səviyyəsini də tərəzinin gözünə qoysaq, hələ bizim azarkeş toplusuna şükür etməliyik. Artıq Belarusda da, Ukraynada da sistemin yararsızlığı barədə düşünməyə başlayıblar. Bəs, biz mütləq axırıncı olmalıyıq?

Payız gələndə nəinki stadionlarımız təbiətin şıltaqlığına dözmür, heç Hacıbala Abutalıbovun saldırdığı möhtəşəm yollar göydən yağan göz yaşlarına tab gətirmir. Belədə, reqlament avtomatik keçir arxa plana. Üç gündən sonra Topaz Premyer Liqasının 11-ci turunun oyunları start götürür. Oyunlardan biri Gəncədə, digəri “Bakcell Arena”da baş tutacaq. Gəncə stadionunun durumu hər kəsə bəllidi. Lakin digərlərinə baxmış, az-çox keyfiyyəti ilə seçilən “Bakcell”də də reqlament pozulmağa məhkumdu. Çünki oyundan 1 gün əvvəl qonaq komanda həmin meydanda məşq keçməlidi. Bu cür yağışlar zamanı “Bakcell”də məşq baş tutsa, ertəsi gün qazonun hansı durumda olmasını heç təsəvvürümüzə belə gətirmək istəmirik. 

Bunu bilə-bilə ki, bizim stadionlar keyfiyyətsizdi, qızdırıcılar quraşdırılmayıb, nəyə görə inadkarlıqla millətə futbol oynatmaq gərəkdi? Onsuz da azarkeş sarıdan korluq çəkirik. Üstəlik stadiona gələnlərə də keyfiyyətsiz futbol göstərməklə, onları da tribunalardan kənar salırıq. Məlum məsələdi ki, örtük anormal olduqda, orda normal futbol sərgiləmək mümkünsüzdü.

Göründüyü kimi, AFFA rəhbərliyi bu məsələ üzərində düşünməlidi. Bizə payız-yaz sistemi yaraşmır. Avropada hətta 31 dekabr tarixində də meydana çıxanlar var. Ancaq bizim onlarla ayaqlaşmağımız bu gün mümkünsüzdü. Çünki həmin ölkələrin stadionları da ideal vəziyyətdə olur, vətəndaşlarının yaşayış tərzi də imkan verir ki, tribunalara mövsümün istənilən vaxtı axın etsinlər.

İnadkarlıqla yaz – payız sistmindən imtina etmək düzgün seçim deyil. Bilə-bilə ki, Azərbaycanda hətta qulluq edilməyən stadionların qazonu aprel, may, iyun aylarında əla vəziyyətdə olur, bizdə isə həmin vaxt futbolumuz “yatır”, qəribə mənzərə yaradır. İndi özünüz bu suala cavab axtarın: yararsız qazonlarda, soyuq havada boş tribuna qarşısında ölkə çempionatı keçirmək yaxşıdı, yoxsa mülayim havada, daha çox azarkeş qarşısında normal örtüklü meydançalarda? 

CEYHUN ƏLİYEV

Shares: