“Dəqiq olaraq, Dabonun oyuna hazırlaşmadığını deyə bilərəm. O, sabahkı görüşü buraxacaq”. Futbolinfo.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

“Qırmızı-qaralar” Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Sent-Etyen”i qəbul edəcəklər. Üçüncü turda Fransada minimal hesabla (0:1) yenilən təmsilçimiz bu dəfə qrupda ilk xallarını qazanmaq niyyətindədi.

Ukraynalı mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında öncə zədəli futbolçuların durumundan danışıb: “Nika Kvekveskiri, Rəşad Sadiqov və Elvin Camalov oynaya bilərlər. Onlar məşqlərini davam etdirirlər. Son qərarı oyundan əvvəl verəcəm”.

– Bu matçı qrupdan çıxmaq baxımından ölüm-dirim mübarizəsi adlandırmaq olarmı?
– Təbii ki, qrupdan çıxmağı istədiyimizi deyə bilərik. Ancaq hər şeyə real yanaşmaq lazımdı. Başa düşürük ki, top-çempionatın nümayəndəsinə qarşı oynayacağıq. Qrupa düşməyimiz özlüyündə möcüzədi. Biz qrupdan çıxası olsaq, onda “Anderlext”, “Sent-Etyen”, “Maynts” kimi komandalar nə etsin? Top-çempionatla bizim aramızda yerlə-göy qədər fərq var. “Krasnodar”, PAOK səviyyəsində rəqiblərlə başabaş oynayırdıq. Ancaq budəfəki qrupa real münasibət bəsləmək lazımdı. Təsəvvür edirsiniz, Fransa çempionatında biz haralardayıq? Demirəm ki, əllərimizi qaldırıb təslim olacağıq. Ancaq  etiraf edim ki, bu, bir qədər möcüzəlidi. Biz bu möcüzəni yaratmağa çalışacağıq.

– Ölkə çempionatında uğurlu çıxış etməyinizə baxmayaraq, Avropa Liqasında xal qazanmamısınız. Bu, futbolçularınıza psixoloji cəhətdən təsir etmir?
– Əsla. Az öncə qeyd etdiyim kimi, Avropa Liqasındakı rəqiblərimizlə bizim aramızda böyük uçurum var. Əksinə, uşaqlara izah edirəm ki, burda gözəl təcrübə toplayırıq. Bu turnirdə xal toplasaq, bu, fenomenal nəticə olacaq. Ancaq bu baş verməsə belə, yalnız onu deyəcəm ki, biz Avropa Liqasından çox şey öyrəndik. Xal toplamamaq uğursuzluq deyil. Əsas odu ki, bu turnirin mahiyyətini və səviyyəsini qəbul edə bilək. Qələbələri sıralamaq üçün isə bizə illər lazımdı.

– Fransadakı oyunda meydan sahibləri komandanıza olduqca yüksək sürət təklif etdi və “Qəbələ” də bu sürəti qəbul etdi. Bu dəfə də eyni sürəti qəbul edəcəksiniz, yoxsa tempi öldürməyə çalışacaqsınız?
– Birmənalı şəkildə bildirirəm ki, bu baş verməyəcək. Hətta bu oyun bizim üçün həlledici olsa belə, qapının qarşısında  avtobus saxlamayacağıq. Bəli, böyük qüvvə ilə müdafiə olunub, hansısa əks-hücum sayəsində qələbə qazanmaq olar. Ancaq bu, mənim baxış tərzimə ziddi. Nə qədər ki, mən burdayam, “Qəbələ” bu cür futbol oynamayacaq. Biz hücum etməyi bacarmalıyıq və sürətli əks-hücumların qarşısını almağa da hazır olmalıyıq.

– Qrupdakı 3 rəqibdən hansını daha güclü sayırsınız?
– Hər üçü fərqli üslubda oynayır. Hər birinin hücum və müdafiədə öz dəst-xətti var. Bu komandaların hamısı olduqca yüksək səviyyəlidi. Bu rəqibləri birləşdirən isə istənilən gedişi sürətlə həyata keçirmələridi. Bu cür silahı yalnız eyni sürətlə zərərsizləşdirmək olar.

– “Qəbələ” uzun müddət idi zədəlilərin çoxluğundan əziyyət çəkirdi. Bu, ehtiyatdakı oyunçulara özlərini göstərmək imkanı verdi. Sabah ehtiyatda elə bir futbolçu olacaq ki, sonradan meydana daxil olub matçın taleyini dəyişə bilsin?
– Sabah öz prinsiplərimizə sadiq qalacağıq. Meydana ən yaxşı vəziyyətdə olan futbolçular çıxacaq. Sabahkı oyunda limit olmayacaq. Konkretləşdirsək, sabah Elvin Camalov və Roman Hüseynov meydana çıxa bilərlər.

Shares: