“Bu, bizim üçün çox önəmli oyundu. Məqsədimiz qələbə qazanmaqdı”. Futbolinfo.az saytının məlumatına görə, bunu Fransanın “Sent-Etyen” klubunun futbolçusu Jordan Veretu deyib.
Avropa Liqasının 4-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçiriləcək matçı dəyərləndirən Veretu işlərinin asan olmayacağını söyləyib: “Bilirik ki, bizə asan olmayacaq. Amma hamımız matça tam hazırıq. Çalışacağıq ki, mükəmməl çıxış edək və istəyimizə çataq”.
– “Qəbələ”ni zəif komanda hesab edirsiniz, yoxsa?
– Xeyr, mənim fikrim belədi ki, zəif komanda yoxdu. Çox ciddi hazırlıq keçmişik. “Qəbələ”ni zəif rəqib saymaq olmaz. Çox vacib oyunlardan biri olacaq. Hədəfimiz qələbə qazanmaqdı. Bundan sonra qrupda daha iki matç qalacaq. İlk oyunda Fransada 3 xal qazanmışdıq. Bakıda da bu uğuru təkrarlamaq niyyətindəyik.
– Oyun öncəsi özünüzü necə hiss edirsiniz?
– Mən 5 ay futbolsuz qalmışdım. Amma güclü komandada yer alıram. Çalışacağam ki, oyun praktikasından əziyyət çəkdiyimi hiss etdirməyim.
– Qələbə qazanmaq üçün əlavə nə etmək lazımdı?
– İlk növbədə qol vurmaq lazımdı. Hücumçularımız bunu həyata keçirməyə tam hazırdılar.
– Fransadakı matçda “Qəbələ”nin bir neçə oyunçusu iştirak etmirdi. Onlar artıq sıraya dönüblər. Bakıdakı görüşdə necə “Qəbələ” gözləyirsiniz?
– Bildiyimə görə, onların iki oyunçusu Fransadakı görüşdə iştirak etməmişdi. Amma sabah onlar meydana çıxa biləcəklər. Buna uyğun hazırlaşmışıq. İstənilən halda, bizim öz oyun üslubumuz var.
Qeyd edək ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək “Qəbələ” – “Sent-Etyen” oyunu saat 22:00-da başlayacaq.