“İki il öncə də Bakıda olmuşduq. Həmin vaxt “Qarabağ”la qarşılaşmışdıq. İki il az müddət deyil”. Futbolinfo.az saytının məlumatına görə, bu sözlər “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltyeyə məxsusdu.

Fransa təmsilçisi Avropa Liqasının 3-cü turunda evdə 1:0 hesabı ilə məğlub etdiyi “Qəbələ” ilə sabah Bakıda üz-üzə gələcək.

Qaltye bugünkü mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “İlk növbədə geridə qalan iki il ərzində təcrübəmiz artıb, müəyyən qələbələrimiz olub. Sabahkı görüşdə də bu təcrübənin və futbolda keçdiyimiz yolun təsiri olacaq”.

– Avroliqadakı çıxışınız barədə nə deyə bilərsiniz?
– Bizim çox maraqlı oyunlarımız keçib. “Qəbələ” ilə Fransadakı görüş də maraqlı keçmişdi. Düzdü, avtoqol sayəsində qələbə qazanmışdıq. Amma bunun üçün əlimizdən gələni etmişdik. “Qəbələ” də zəif komanda olmadığını göstərmişdi. Əsas hədəfimiz qrup mərhələsini adlamaqdı. Çalışacağıq ki, bacardığımız qədər irəli gedək.

– Əhval-ruhiyyənizin yüksək olması nə ilə bağlıdı?
– Əhvalım bu gün yaxşıdı. Düzdü, bir neçə gün əvvəl özümü pis hiss edirdim. Amma indi yaxşıyam. Bizi istiqanlı qarşıladığınız üçün sizə minnətdaram. “Qəbələ” ilə görüşə də çox ciddi hazırlaşmışıq. Rəqib barədə hərtərəfli təhlil də aparmışıq. Əlbəttə ki, əsas məqsəd qələbə qazanmaqdı.

– Bir məşqçi kimi, oyuna necə hazırsınız?
– Düzdü, bir neçə gün idi ki, halım yaxşı deyildi. Amma sabah bir məşqçi kimi üzərimə düşəni edəcəm. Ötən həftənin sonu da oyunumuz olmuşdu. Komandamı kənardan dəstəkləyəcəm və uğur qazanmaq üçün əlimdən gələni edəcəm.

– Cari avrokubok mövsümündə “Qəbələ” 5 ev oyununun hamısında qol vurub. 6-cı olmaqdan çəkinmirsiniz?
– Ümid edirik ki, sabah uduzmayacağıq. Amma sabah “Qəbələ” qalib gələ də bilər. Biz burdan 3 xalla ayrılmaq üçün əlimizdən gələni edəcəyik. “Qəbələ” zəif komanda deyil. Onların indiyə qədərki matçlarını da izləmişik. Sabahkı görüşə hazırıq və məqsədimiz qələbə qazanmaqdı.

– İki ölkə arasındakı saat fərqinin sizə bir təsiri olurmu?
– Biz öz ölkəmizin saatı ilə hazırlaşırıq. Məncə, bunun heç bir təsiri yoxdu.

– “Qəbələ” ilə Fransadakı qarşılaşmada texniki zonada olmamağınızın səbəbi nə idi?
– Özümü yaxşı hiss etmirdim. Bu üzdən görüşü ofisdən izləyirdim. Amma indi sabahkı matça hazıram.

Shares: