Ötən ilin bu günü Almaniyanın Hagen şəhərindən təəssürat yazısı yazmışdım. Dortmund “Borussiya”sı ilə qarşılaşacaq “Qəbələ”nin oyunu işıqlandırmaq üçün yollandığım bu solğun şəhər çox sıxıcı və cansız görünürdü. Əbəs yerə deyil ki, şəhəri “ruhlar qəsəbəsi” kimi təqdim etmişdim.

1 ildən sonra – bu dəfə “Qarabağ”la gəldiyim Saloniki məndə tamam başqa əhval yaratdı. Dəniz kənarında yerləşən bu rəngarəng şəhər indiyə qədər gördüyüm məkanlar arasında bəlkə də ən maraqlısıdı.

Bakı – İstanbul – Afina – Saloniki üzrə 11 həmkarımla keçən uzun səyahət nə qədər yorucu olsa da, heç vaxt yadımdan çıxmayacaq bir xatirədi. Hələ daşından-qayasından tarix iyi gələn bu dövlət haqqında ilk təsəvvürümüz yaranmamış ciddi əngəllə qarşılaşdıq. Belə ki, hava limanının əməkdaşlarının səhlənkarlığı ucbatından yaranan problemə görə az qala Salonikiyə qalxan təyyarəni qaçıracaqdıq. Yalnız son anda klubun mətbuat katibi Nurlan İbrahimov və klub digər əməkdaşlarının müdaxiləsindən sonra hər şey qaydasında düşdü və tələsik pasport qeydiyatından keçdik. Əsl komediya isə məhz bundan sonra başladı…

Belə ki, 2-3 dəqiqə sonra Salonikyə gedəcək təyyarə hava limanının əks istiqamətində olduğundan uzun məsafəni qaçaraq qət etməli idik. Belədə Afina hava limanında 12 azərbaycanlı jurnalist əllərində çantalarla “dabana tüpürdü”.

Nəhayət, 8 saatdan çox çəkən hava gəzintimiz başa çatdı. Şəhərdən kənarda yerləşən hava limanından mərkəzə getdikcə üzümüzə açılan Saloniki yaşıllığına görə mənə Kişinyovu xatırladırdı. Amma irəlilədikcə əmin olduq ki, bura tamam fərqli bir yerdi.

Şəhəri kəşf etmək sonranın işi idi. Çünki bir azdan “Qarabağ”ın oyunöncəsi son məşqi və baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaqdı. Ona görə də otelə yerləşdikdən 1 saat sonra işə başladıq. Tofiq Bəhramov adına Respubilka stadionunun təmirdən əvvəlki üstüaçıq variantına bənzəyən “Tumba”da fırtınaöncəsi səssizlik idi. Amma oyun günü burada nələrin baş verəcəyini proqnozlaşdırmaq çətin deyil… Artıq indidən 15 min biletin satıldığı deyilir.

Konfransdan öncə gözlənilməz hadisə baş verdi. Mətbuat konfransına gələn Qurban Qurbanovla Ansi Aqolliyə yunan jurnalistlər çox böyük maraq göstərdilər. Onlar təmsilçimizin üzvləri ilə sıra ilə şəkil çəkdirdilər. Bu cür mənzərəni görmək həqiqətən də xoş hadisə oldu.  Zarafat deyil, onlar 12 il öncə Avropa çempionu olan bir ölkənin media nümayəndələridi və bizimkilərə belə maraq göstərirdilər.

Əsas hədəflərinin yenilməmək olduğunu söyləyən mütəxəssis ənənəvi olaraq, ehtiyatlı danışmağa üstünlük verdi. Elə yetirməsi Aqolli də standartdan kənara çıxmadı.

Daha sonra məşqə çıxan komanda oyun zamanı qaynar qazan kimi qaynayacaq arenada səssizcə məşq etdi. Təbii ki, prosedur qaydalarına əsasən, biz onların hazırlıqlarının ilk 15 dəqiqəsinin şahidi olduq.

Məşhur “National Geographic” jurnalının dünyanın ən gözəl gecə həyatına malik olan 10 şəhəri siyahısına daxil etdiyi Salonikinin bu ada nə dərəcədə layiq olub-olmadığını görmək üçün ələ düşən fürsəti əldən vermədik. Həqiqətən də deyildiyi kimi varmış. Mərkəzi küçəsi bizim “Tarqovu”ya bənzəsə də, bura daha genişdi. Aralıq dənizi sahilində yerləşən bu əsrarəngiz şəhərdə iqlim mülayim olduğundan açıq havada kafelər indi də fəaliyyət göstərir. Addımbaşı müxtəlif janrda canlı musiqi müşayətində insanlar istiahər edir, bir yerdə əylənirlər. Ən çox diqqət çəkən məqam isə restoranların əksəriyyətində təbii elektirik işığından yox, stolların üzərinə düzülmüş şam, həmçinin qıraqdakı təbii alovdan istifadə olunmasıdı. Avropanın digər ölkələrindən ucuzluğu ilə seçilən 2 min ildən çox yaşı olan şəhərdə heç də Bakıda deyildiyi kimi, aclıq və səfalət hökm sürmür. Hər nə qədər Yunanıstanın dərin böhranda olduğu deyilsə də, dünyada ən yaxşı rifaha sahib olan xalqlardan birinin ynanlar olduğu dəqiqdi.

Düzdü, bu gördüklərimiz hələ ki, Salonikinin mədəni və gözəl üzüdü. Ayın görünməyən üzünü isə “Tumba”da seyr edəcəyik…

ELMAR ABDULLA-ZADƏ, Saloniki

Shares: