“Qəbələ”nin futbolçusu Asif Məmmədov Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ”a yenilgidən sonra (1:2) jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:

– Hər şey göz qabağında idi. Çox gözəl oyun keçdi. Yaxşı hakim olsaydı, daha da yaxşı oyun olardı. Amma belə hakimliklə Azərbaycan futbolu qabağa gedə bilməz. Mənim üçün ən az potensialı olan referi Rəhim Həsənovdur. Hansı oyuna düşürsə, “bardak” açır.

– Etirazınız nəyədir?
– Düz onun yanındayam, penaltini verəndən sonra deyir ki, əjdaha, sən görmədin,  harasına dəydi?

– Əjdaha?
– Hə, bilmədim 4-cü hakimə dedi, yoxsa yan hakimə. Deyirəm ki, görmürsən bizim oyunçunun ağzı qanayıb? Epizodu görməmisənsə, niyə penalti verirsən? O da heç nə demir. Görməmisənsə, demək ki, burada qərəz var. Belə şey olmaz. Xalımızı əlimizdən aldı.

– Oyunda baş verən gərginliklə bağlı nə deyə bilərsiniz? 
– Anlaşılmazlıq oldu. Oyunçuları düzgün olmayan hərəkətlər etdi. Udmusan, lap yaxşı. Belə hərəkətlər lazım deyil. Bunu hansısa azarkeş etsə, başa düşmək olar. Futbolçu edirsə, demək, onun səviyyəsi də ora qədərdir. Bütün etirazlar hakimlə bağlı idi. Çox səviyyəsiz hakimlik gördük. Mən belə şey görməmişəm. Niyə 97 dəqiqə oynayırıq ki?

– Bu matçdan sonra növbəti oyunlara necə hazırlaşacaqsınız?
– Hazırlaşacağıq, amma bir az çətindir də. Komanda udduğu yerdə, hakimin səhvindən 2 qol buraxmaq komandaya mənfi təsir göstərir.

– Sizcə, bu, “Qəbələ”ni sındırmaq üçündür, yoxsa “Qarabağ”ı önə çəkməkdən ötrü?
– Mən deyə bilmərəm, çox çətindir. Özünüz gördünüz, fikirləşin ki, nə deməkdir. Ümidimizi itirmirik. “Qarabağ”la qarşıda 2 oyunumuz var.

– Rəhim Həsənovla üz-üzə gəlsəniz, nə deyəcəksiniz?
– Rəhimə nə lazımdırsa, meydanda dedim.

ELMAR ABDULLAZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp