Qalmaqallı "Qarabağ" – "Qəbələ" oyunu AFFA İntizam Komitəsinin bügünkü iclasında əsas müzakirə mövzusu olacaq. 13-cü turun qapanış matçında başverənlərlə bağlı geniş raport hazırlanıb.
 
Futbolinfo.az xəbər verir ki, oyunun AFFA nümayəndəsi Ramiz Mustafayev matçın gedişində və sonrasında olanlarla bağlı qeydlərini aparıb. "Qarabağ"ın məşqçisi Elçin Rəhmanovun tribunaya göndərilməsi, Riçard Almeydanın qırmızı vərəqə alması öz yerində, son dəqiqələrdə başverənlər də diqqətdən qaçmayıb.
 
Dava-dalaşda iştirak edən bir çox futbolçular, klub rəsmiləri haqda xüsusi qeydlər edən AFFA nümayəndəsi Şahruddin Məhəmmədəliyevlə bağlı da hesabat hazırlayıb. "Qarabağ"ın ehtiyat qapıçısı qeyri-etik jestinə, meydandakı gərginliyin artmasındakı roluna görə ağır cəza alacaq. Oyunun sonlarında hakimin qırmızı vərəqə göstərdiyi futbolçunun cəzası çox ağır olacaq.
 
"Qəbələ"nin futbolçusu Rəşad Sadiqov da İntizam Komitəsi tərəfindən cəzalandırıla bilər. Şahruddinə sillə vuran və bunu oyundan sonra etiraf edən yarımmüdafiəçinin hərəkəti diqqətdən yayınmayıb. Riçard Almeydanın cəzasının 2 oyunla məhdudlaşmaması da mümkündü. Rəqibə kəllə atdığı üçün qırmızı vərəqə alan braziliyalı meydanı vaxtında vaxtında və lazım olan yerdən tərk etmədiyi, oyunun sonundakı gərginlik zamanı qazona ayaq basıb xoşagəlməz jestlər etdiyi üçün bir neçə tur istirahət etməlidi.
 
Hakimliklə bağlı qeydlər aparan hakim-inspektor Məlik Həsənovun da dəftərçəsi dolu olmalıdı. Matç boyunca çoxsaylı səhvlər edən Rəhim Həsənovun Almeyda meydanı tərk etməmiş oyunu bərpa etməsi, matçı "Qəbələ" tərəfinin meydanı tərk etməsini gördüyü zaman qəfil bitirməsi onun qüsurları sırasındadı. Hakimlər Komitəsi "Qəbələ" tərəfinin oyunun protokoluna yazdığı etiraza da biganə qalmamalıdı.
 
Kkəsəsi, bizi AFFA-da qaynar gün gözləyir. Lakin istənilən halda nəticə dəyişməyəcək və hakimin bərbad etdiyi matç "Qəbələ"nin mövsümdəki ilk məğlubiyyəti kimi tarixdə qalacaq.
 
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp