Topaz Premyer Liqasında 13-tur nəhsliyini son anadək göstərməmişdi. Bağlanış oyunu olan "Qarabağ" – "Qəbələ" görüşü də o qədər gözəl keçirdi ki, heç kim qalmaqalı ağlının ucundan keçirmirdi.
 
Hakim oyun ərzində o qədər də gözə dəymirsə, deməli, hər şey qaydasındadı, yox hamı hər epizoddan sonra fit sahibini axtarırsa, deməli, nəticəni müəyyənləşdirən təkcə futbolçular deyil. Turun mərkəzi görüşündə baş hakim Rəhim Həsənovun az qala aut qərarı da müzakirə olunurdu ki, bu da FİFA referisinin bacarıqsızlğından irəli gəlirdi. Ümumiyyətlə, bu hakimin beynəlxalq dərəcəni necə alması hələ də müəmmalıdı, çünki Rəhimin indiki durumu ona heç divizionda oyun idarə etməyə imkan vermir.
 
"Qarabağ"  – "Qəbələ" görüşü həqiqətən mövsümün şah oyunu idi. Adam istər-istəməz oyundan zövq alırdı. Ölkənin 2 ən güclü komandası, ən yaxşı yerli oyunçuları və legionerləri, ən yaxşı yerli və əcnəbi məşqçilərinin dueli…
 
Meydanda taktiki savaş, mübarizə gedirdi. Topla oynamaq bacarığı, pressinq öz yerində, bu görüş həm də beyin savaşı, əsəblərin savaşı idi. Rəqiblər oyuna psixoıoji cəhətdən yaxşı hazırlaşmışdı. Hətta hər iki tərəfdə vacib itkilərin olması belə oyunun gözəlliyinə əngəl olmurdu.
 
İlk hissənin əvvəlində "Qarabağ"ın yaratdığı 2 təhlükəli epizodu saymasaq, mübarizə meydanın mərkəzində gedir, komandalar 40-50 metrlik ərazidə bir-biri üzərində üstünlük qazanmağa çalışırdılar. Qısa müddət ərzində "Qəbələ" nisbətən üstün oyun sərgilədisə, qalan vaxtda ağdamlılar topla daha çox davranırdı.
 
Fasilədən sonra "Qəbələ" daha istəkli görünürdü. Və bunun məntiqi nəticəsi kimi hesabı da qonaqlar açdı. Asif Məmmədovun uzun ötürməsindən sonra mövsümün ən uğurlu transferi olan Filip Ozobiç fərdi bacarığı hesabına komandasını hesabda önə çıxardı – o, sürətindən istifadə edib Bədavi Hhüseynovu ötdü, daha sonra qapıçını da keçib çətin vəziyyətdən dəqiq zərbə vurdu. İrəli gedərək qeyd edim ki, xorvatiyalı komandasına daha bir xeyri rəqibin dirijoru Riçard Almeydanı meydandan qovdurmaqla verdi.
 
Roman Qriqorçuk 90 dəqiqə boyunca heç bir dəyişikliyə ehtiyac duymadı. Komandanı matça elə hazırlamışdı ki, sanki bir detalı dəyişməklə "Qəbələ"nin bütün oyunu tar-mar olacaqdı. Güvəndiyi futbolçular da lazım olanı etməklə baş məşqçilərini peşman etmədilər.
 
Qurban Qurbanov müdafiədəki çatışmazlıqlar üzündən start heyəti ilə bağlı qəribə qərarlar vermişdi. Yaş limitinin də təsiri ilə o, Mahir Mədətovu hücumda oynatmağa məcbur idi və bu üzdən "Qarabağ"ın uzun müddət azlıqda onadığını deyə bilərik. Çünki Mahir faktiki ansamblı pozurdu. Qurban bəy yalnız qol lazım olduğu vaxtda 3 dəyişiklik etdi və birbaşa nəticəni müəyyənləşdirdi. Coşqun Diniyev hər iki qolda hücumu başlayan adam oldusa, Dino Ndlovu penalti qazanmaqla yanaşı, qələbə qolunu da vurdu. Əfran İsmayılov da ən yaxşı oyunlarından birini keçirdi. Onun son qoldakı məhsuldar ötürməsi bir yana, sağ cinahı əməlli-başlı canlandırdı, matçın son bölümündə rəqib qapısı önündə ciddi təhlükələrin səbəbkarı oldu.
 
Lakin bütün bu gözəlliklər, futbolun zövqlü anlarını Rəhim Həsənov puç etdi. Baş hakimin qərarları matçın birbaşa nəticəsinə təsir etdi. "Qarabağ"ın futbolçularının əməyini yerə vurmayaq, lakin Rəhimin səhvləri olmasaydı, "Qəbələ"nin məğlubiyyətsiz oyunlar seriyası ən azı növbəti turadək uzanacaqdı. Matçın ədalətli nəticəsi heç-heçə idi, amma Həsənov qonaqların uduzmasını istədi. Yanlış penalti ilə matçın ssenarisi dəyişdi, gözəl futbol yerini dava-dalaşa, kobudluğa verdi.
 
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp