"Qəbələ" rəsmilərinin alovlu danışması başadüşüləndi – bu şansı onlara Rəhim Həsənov verdi. "Qarabağ"la Suraxanıda baş tutan oyunun baş hakimi o qədər anlaşılmaz qərarlar verdi ki, saymaqla qurtarmaz.
 
FİFA referisi o qədər bərbad vəziyyətdə idi ki, uduzsaydı, danışmağa "Qarabağ"ın da haqqı olacaqdı. Çünki Rəhim hətta aut zamanı, adi ikili mübarizələrdə belə, yanlış qərarlar verirdi. İlk hissə ərzində ağdamlılar o qədər xırda səhvlərdən zərər çəkdi ki, hətta Qurban Qurbanovun köməkçisi, sakit biri kimi tanıdığımız Elçin Rəhmanovun əsəbləri dözmədi, çılğınlıqla etirazını bildirdi və tribunaya göndərildi.
 
Amma az qala hamının hakimin "Qəbələ"yə "işlədiyini" aşkar gördüyü vaxt Həsənov meydan sahiblərinin xeyrinə elə absurd qərar verirdi ki, çaş-baş qalırdın. Sadəcə, hakimin səviyyəsi bu idi və belə mərkəzi görüşlər onun yemi deyil. Sürətə, tempə, yüksək səviyyəli oyuna ayaq uydura bilməyəcək qədər zəif oyun idarə edən Rəhim həlledici məqamdakı səhvləri ilə adının üstündən qalın xətt çəkdi.
 
Rəhimin qərəzli olduğunu düşünmürəm. Qərəzli olan işi erkən bitirər, daha uyğun vaxtda nəticəni istədiyi komandanın xeyrinə həll edər, son dəqiqələri gözləməzdi. Amma bu adam o qədər bacarıqsızdı ki, hətta matçın final fitini də lazım olmayan zamanda verdi.
 
İndi "Qəbələ"nin hakimin sifarişlə işlədiyini deməyə, göstərişlə "Qarabağ"a kömək etdiyini iddia etməyə haqqı var. Son tablo, oyunun yekun mənzərəsi bunu diqtə edir. Amma hadisələrə bir az soyuq başla yanaşsaq, belə olmadığını görərik.
 
Rəhimi təşvişə salan, səhvləri sıralamasına səbəb hazırlıqsızlığıdı. Bu adam ən ciddi səhvi penalti epizodunda etdi, ardınca özünü o qədər itirdi ki, Riçard Almeyda meydanı tərk etməmiş oyunu bərpa etdi, "Qəbələ"nin meydandan çıxdığını görərkən, qazonda klub rəsmilərinin var-gəl etdiyi bir zamanda final fitini səsləndirdi. Kobud səhvlər sıralandı, biabırçılıq, xaos başladı.
 
Vitali Vernidubun burnuna dəyən topdan sonra penalti verilməsi ilk ciddi, nəticəyə təsir edən səhv idi. Bunadək Rəhim oyunun müqəddəratını həll edən səhvlərə yol verməmiş, yalnız yanlış qərarları ilə özünü biabır etmişdi. Amma Dino Ndlovunun yaxın məsafədən zərbəsindən sonra Vernidubun burnuna dəyib əlinə sıçrayan top penaltiyə çevriləndə şübhələr baş qaldırdı. Normalda birbaşa deyil, bədəndən sıçrayan top ələ dəyirsə, buna görə cərimə zərbəsi təyin edilmir. Həsənov isə 5-6 metrliyində olduğu epizodu penalti kimi dəyərləndirdi. Sanki o, məhz bu penaltini gözləyirdi ki, liderlərin duelini bərabərliklə yekunlaşdırsın və narazı qalan olmasın.
 
İkinci kobud səhv Riçard Almeyda ilə bağlı idi. "Qarabağ"ın braziliyalısı haqlı olaraq meydandan qovulduqdan sonra nümayişkaranə şəkildə paltardəyişmə otağına yox, əks istiqamətə getdi. Həsənov onu bir qədər gözlədi, amma qazonun ətrafından uzaqlaşdığını tam gözləmədən matçı bərpa etdi. Həmin vaxt Riçi rəqib qapısının arxasıyla asta addımlarla irəliləyir, paltardəyişmə otağına gəlmək üçün dövrə vururdu. Tərslikdən həmin epizoda görə təyin olunan cərimə zərbəsi əks-hücuma çevrildi və qolla nəticələndi. Həmin anda Almeyda hələ ehtiyat oyunçular skamyasının qarşısından keçirdi və Ndlovunun qolunu ilk olaraq qabağına çıxan Qurban Qurbanovla qucaqlaşmaqla qeyd etdi. Daha sonra Almeyda qovulmasına baxmayaraq, meydana qaçdı, sevincini yoldaşları ilə bölüşdü, rəqibi qıcıqlandıracaq jestlər etdi və davanın səbəbkarlarından oldu.
 
Qol vurularkən oyuna əlavə edilmiş 7-ci dəqiqə gedirdi. Matça 4 dəqiqə əlavə olunduğundan, bu, qəribə görünə bilər, amma Almeyda qırmızı vərəqə aldıqdan sonra oyun xeyli dayandı, Rəhim 2 dəqiqəyə yaxın müddətdə onun kənarlaşmasını gözlədi. Bütün bunları nəzərə alsaq, vaxt baxımından ciddi problem yox idi. Sadəcə, oyun gecikən zaman Həsənov vaxtı dayandırdığını hərəkətləri ilə göstərməli, nümayiş etdirməli idi.
 
Rəhimin ən kobud səhvi isə matçı bitirərkən oldu. Qol vuruldu, "Qarabağ"ın sevindiyi anlarda xoşagəlməz hallar yaşandı və hakim mərkəzi göstərdi. Lakin qonaqların etirazları davam etdi, klub rəsmiləri meydana çıxdı, Roman Qriqorçuk yetirmələrini meydanın kənarına səslədi. Bu zaman Rəhim qəfil anladı ki, hadisələr daha da böyüyəcək və matçın final fitini səsləndirdi. Halbuki həmin anda meydanda kənar şəxslər də var idi və matçı bitirmək olmazdı. Ola bilsin, vaxt bitdiyindən "Qəbələ"nin oyuna mərkəzdən başlamasına lüzum yox idi, lakin meydanda kənar şəxslər olduğu vaxt matçı bitirmək biabırçılıq sayılmalıdı. Həm də rəqiblərdən biri oynamaq istəməyərək meydanı tərk etdiyi bir vaxtda…
 
İndi kimsə "Qəbələ"ni azlıqda qalan rəqibdən top buraxmaqda ittiham edə bilər. Lakin penalti qərarı futbolçulara elə psixoloji zərbə vurmuşdu ki, hamının sanki qanadları qırılmışdı. Almeydanın hərəkətinə hakimin biganəliyi, üstəlik, vaxtın çoxdan bitmiş olması da ümumi ab-havaya təsir etdi.
 
Matçdan sonra "Qəbələ" rəsmiləri od püskürürdü. Hakimlər otağına hücuma cəhd edənəri polis dayandırsa da, bəzi oyunçular, məşqçilər PFL prezidenti Ramin Musayevə şikayətini çatdırdı. Cavid Hüseynovun etirazını isə hamı eşitdi. O, hakimlərin onları qəsdən dayandırdığını iddia edirdi. Musayev bütün suallara sabah (bu gün – red.) aydınlıq gələcəyini bildirib, açıqlama verməkdən yayındı, amma qonaqlar dərdini "Qarabağ" rəsmiləri, jurnalistlərlə bölüşməkdə davam etdi.
 
Nəticə dəyişməyəcək. Lakin "Qəbələ" ilk çempionluğu üçün mübarizə aparmağa imkan verən ən real şanslardan birini Həsənovun bacarıqsızlığı üzündən əldən verdi. Klub rəhbərliyi bunun hesabatını tələb etməli, hakimin ən ciddi şəkildə cəzalandırılmasına nail olmalıdı. AFFA-nın "Qarabağ"a dəstək verməsini iddia etməklə iş bitmir. Düzdü, haqqı tapdalanan futbolçuların əməyi yerə vuruldu, indi onları oyunlara kökləmək asan olmayacaq. Lakin 3 xallıq fərq hələ dünyanın sonu deyil. 2-3 tur əvvəl ağdamlılar 6 xal geridə idi, indi liderdilər. Hər 2 komanda ölkə futbolunun simalarıdı, mübarizədən çəkilmək olmaz, həm meydanda, həm də nüfuz döyüşündə sonadək tabgətirmək lazımdı.
 
FƏRİD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp