29 noyabr tarixi arxada qalıb. Deməli, artıq bu gün Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov ənənəvi “əl topu tapdı” fəlsəfəsinin yeni cildini ortaya çıxaracaq. Ancaq “15 dənə verirlər” müəllimin nə deyəcəyindən asılı olmayaraq, “Qarabağ” – “Qəbələ” matçına qara ləkələr yaxan hakimlik barədə fikirlərimi bildirəcəm.
 
Söhbət qonaqların qapısına vurulan hər iki qoldan gedəcək. Digər məqamlara da baş vurmaq olar. Ancaq qlobal yanlışlıqların yanında hansısa ciddi hücumun qarşısı alındıqda, sarı vərəqənin göstərilməməsi dəryada damladı.
 
Beləliklə, penalti təyin olunan epizoda diqqət yetirək. Dino Ndlovu topu saxlamadan (!!!) qapıya paralel ötürmə verir. Bu cür ötürməni bilərəkdən əllə qaytarmaq bacarığı ancaq dünya şöhrətli qapıçılarda ola bilər. Vitali Vernidubun sifətinə çırpılan top daha sonra reflektor şəkildə qalxan əlinə də toxunur. Bir daha təkrar edirik: müdafiəçi hər bir insana xas olan rekflektor hərəkət edərək, sifətinə uçan əşyanın (hazırki epizodda top) qarşısını kəsmək istəyir. Adi bir insanın üzünə daş atın və görün, hansı reaksiyanı göstərəcək. Nümunə kimi elə həmin Rəhim Həsənova bir daş atın. Refleks hər normal insanda eynidi və referi mütləq qaydada üzünü əli ilə qorumağa çalışacaq.
 
Ən böyük problem isə yazdıqlarımızı Rəhim Həsənovun bilməsidi. Necə ki, matçsonrası mətbuat konfransında Roman Qriqorçuk azərbaycanlı hakimlərin səviyyəsinin yüksək olduğunu bildirdi. Ukraynalı çalışdırıcı bununla Azərbaycan futbolunun eybəcərliyini göstərdi. Yəni, Həsənov təsadüfi səhv etməyib.
 
İndi də keçək ikinci qol epizoduna. Hakim oyuna 4 dəqiqə əlavə edir. Bu müddət kəsiyində nə zədələnən olur, nə də əvəzetmə baş verir. 90 dəqiqəyə 4 dəqiqə əlavə olunubsa, təsəvvür edirsiniz bu müddət ərzində hansı hadisələr baş verməlidi ki, daha 3 dəqiqə final fiti səslənməsin?!
 
Beləliklə, qayıdırıq həmin qalmaqallı Riçard Almeyda epizoduna. Filip Ozobiçə qarşı qayda pozuntusuna yol verildiyi an tabloda 93:38-di. Yəni, plana əsasən final fitinə təqribən 22 saniyə qalıb. Bəli, Həsənov rəsmən 94:59-a qədər final fitini səsləndirməmək ixtiyarının olduğunu söyləyə bilər. Ancaq xahiş edirəm, əlavə edilmiş dəqiqələr göstərildikdən sonra heç bir hadisə baş vermədiyi bir oyun göstərin ki, referi belə addıma əl atsın. Əziyyət çəkməyin, tapmayacaqsınız. Deməli, bu bəhanəyə də bir quş. Ortada qalan 22 saniyə ərzində isə “Qəbələ” cərimə zərbəsi də vurdu, “Qarabağ” topu ələ də keçirdi, daha sonra ötürməni qəbul edən Coşqun Diniyev meydanın mərkəzində topla sağa-sola müəyyən hərəkətlər də etdi, diaqonal ötürmə də edildi… Stop! Əfran İsmayılova ötürmə edildikdən sonra həqiqətən də hücumun sona çatması gözlənilməli idi. Ancaq həmin anadək nələrin baş verdiyini 22 sözlə nəql etdik. Final fitinə isə 22 saniyə qalırdı…
 
Ən qəribəsi budu ki, “Qarabağ” təmiz futbolunu oynadı.
Ən acınacaqlısı budu ki, “Qarabağ”a bu cür hakim hədiyyələri gərək deyil.
Ən pisi budu ki, Hakimlər Komitəsinin yararsız fəaliyyəti tək ötən axşam baş tutan qarşılaşmayla bitməyəcək. Üstündən bir neçə tur ötəcək və yenə də Xaqani Məmmədovun hansısa yetirməsi növbəti hoqqabazlıqla kiminsə evini yıxacaq. Futbolun inkişafından danışan yoldaşlar futbolu çirkabdan təmizləməlidilər! Əks halda, “niyə də yox”un içinə hələ uzun illər … olacaq.
 
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp