PFL “nəhs”dən çıxa bilmədi. 13-cü tur komandaların aktivinə yazıldısa, PFL rəhbəri Ramin Musayev bir daha əmin oldu ki, Hakimlər Komitəsinin sədri vəzifəsində dəyişiklik olmalıdı… özü də təcili!

Gəncədə baş tutan qarşılaşmada “Neftçi” bir daha koma vəziyyətində olduğunu ortaya qoydu. “Ağ-qaralar” “ətalət qanunu” ilə çempionatda növbəti məğlubiyyətini aldı. “Kəpəz” layiq olduğu 3 xalı 2 cavabsız qolla qazandı. “Neftçi” fanatlarını daha 1 əzablı həftə gözləyir. Bundan sonra isə yəqin ki, köklü islahatlara start veriləcək.

AZAL – “Sumqayıt” qarşılaşması təxminən bərabər səviyyəli rəqiblərin görüşü kimi də səciyyələndirilə bilərdi. Doğrudu, Samir Abasovun komandası daha mütəşəkkil obrazı yarada bilər. Ancaq unutmaq olmaz ki, “təyyarəçilər” evdə oynayırdı və 1:1-i ədalətli sonuc adlandırmaq olar. Hərçənd, sona 5 dəqiqə qalmışadək Tərlan Əhmədov və komandası hesabda öndə idi. Lakin futbol 90 dəqiqə oynanılır.

“Zirə” – “İnter” görüşündə də analoji hal yaşandı. Yenə final fitinə saniyələr qalmış, tablodakı hesab dəyişdi. Bu dəfə üzülən tərəf meydan sahibləri yox, qonaqlar oldu. Bu görüşdə hadisələr fasilədən sonra daha maraqlı məcrada davam etdi. Əvvəlcə, Ruslan Abışov “bankirlər”i hesabda önə çıxardı. Ardınca Adrian Skarlatake 2-ci dəfə sarı vərəqəyə “qonaq” edilərək, “İnter”in azlıqda qalmasını şərtləndirdi. Nəhayət, matçın kulminasiya nöqtəsi 90+3-cü dəqiqədə yaşandı: Yovan Krneta “Zirə”nin cari mövsüm 7-ci məğlubiyyətinin rəsmiləşməsini əngəlləyən qola imza atdı.

“Qış çempionu kim olacaq” sualına isə “Qarabağ” – “Qəbələ” matçında aydınlıq gəlməli idi. Tərəflər futbolsevərlərə cari mövsümün ən maraqlı 90 dəqiqəsini yaşatmağı bacardı. Hakimliyin bərbad olması barədə xeyli yazılar dərc etdiyimizdən, bu mövzuya toxunmayacağıq. Bu görüşün ən yaxşısı kimi bir neçə futbolçunun adını qeyd etmək olar. Filip Ozobiç “Qəbələ”nin yeganə qolunun müəllifi olmaqla yanaşı, Riçard Almeydanın qırmızı vərəqə almasını təmin edən oyunçu kimi də ustalığını ortaya qoydu. Xorvatiyalı 90 dəqiqə ərzində rəqib müdafiəçilərin başağrısına çevrilməyi bacardı. “Qarabağ”ın “dirijor”u Riçard Almeyda isə özünü müsbət tərəfdən göstərməyi bacarmadı. Bunun da başlıca səbəbkarları əlbəttə ki, qonaq komandanın ounçuları idi. Lakin Qurban Qurbanovun əvəzləmələri təqribən 70-ci dəqiqədən etibarən oyunun təkqapıya getməsini şərtləndirdi. Əfran İsmayılov sərgilədiyi futbolla bir ümid çırağı yandırdı: bəlkə yenidən 2010-dakı Əfran qayıdır? Dino Ndlovu döyüşə elə atıldı ki, sanki həyatının ən vacib qarşılaşmasına çıxmışdı. Hər iki futbolçu ortaya ən xoş sözlərə layiq oyun qoydular. Ancaq zənnimizcə, matçın görünməyən qəhrəmanı adlarını çəkdiklərimizdən heç biri deyildi. Gənc Coşqun Diniyev bəlkə də karyerasının ən möhtəşəm dəqiqələrini keçirdi. Həm penalti epizodunda (söz verdiyimiz kimi, hakim səhvlərinə toxunmuruq) Ndlovuya möhtəşəm ötürməsi, həm də Əfran İsmayılova fanastik ara ötürməsi – bax, dayaq yarımmüdafiəçisindən tələb olunan müasir futbol budu! Riçard Almeydanın yanında oynayan dayaq yarımmüdafiəçisi məhz bu komponenti braziliyalı sehrbazdan “oğurlamalı”dı. Qara Qarayev dağıdıcı kimi daim xoş sözlərə layiq olsa da, yaradıcılıq baxımından heç vaxt fərqlənmədiyi bir vaxtda, belə bir gəncin parlaması Qurban Qurbanov üçün xoş sürpriz və siqnal olmalıdı.

Beləliklə, qış fasiləsinə 1 tur qalmış, son 3 mövsümün çempionu nəhayət ki, vahid liderliyə qovuşdu. İndi bu mövqeyi qorumaq üçün “süvarilər”ə 14-cü turda “İnter”lə matçda heç-heçə də bəs edəcək.

CEYHUN ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp