AFFA İntizam Komitəsinin az öncə açıqlanan qərarlarında da ciddi nöqsanlar var. Xüsusilə “Qarabağ” – “Qəbələ” matçıyla bağlı qurum üzgörənlik edib.
 
Əvvəla, problem ondadı ki, hakimliklə bağlı heç bir qeyd yoxdu. Halbuki belə idarəçiliyə görə Hakimlər Komitəsinə Rəhim Həsənovun iadrəçiliyinə qiymət verib, onları məlumatlandırmaları tapşırılmalıydı. Həm də ona görə ki, FİFA referisi ciddi səhvlər edib, hətta bir neçə məsələni – Coşqun Diniyevin kobudluğunu, Riçard Almeydanın meydanı tərk etməməsini – gözdən qaçırıb, meydanda kənar şəxslər ola-ola final fitini səsləndirib.
 
Ən böyük yanlışlıq isə “Qarabağ”ın 2-ci qolundan sonra klubun futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyinin “aşkar olunmasıdı”.  Halbuki şəklini təqdim etdiyimiz protokoldan da görünür ki, Rəhim Həsənov hakim kimi qeydlərini yazarkən məhz bu faktı qeyd edib. Onun yazdıqlarından belə aydın olur ki, Şahruddin qeyri-etik jest edib texniki zonanı tez tərk etdiyi üçün qapıçıya qırmızı vərəqə göstərə bilməyib və bunu İntizam Komitəsinin nəzərə almasını istəyib. Sözügedən qurumsa bu qeydə biganə qalıb.
 
Ola bilsin, növbəti turlarda Coşqun Diniyev də komandaya kömək edə bilməyəcəyindən, yaş limitinə görə “Qarabağ”a güzəşt olunub. Axı, hər matçda 23 yaşı tamam olmamış bir nəfər iştirak etməlidi. Diniyevin yoxluğunda ağdamlılar təkcə Mahir Mədətovun ümidinə qalacaqdı. Halbuki hakimin qeydi mütləq nəzərə alınmalı, Məhəmmədəliyevə də cəza verilməli idi.
 
İntizam Komitəsinin rəqibi vurduğunu etiraf edən Rəşad Sadiqovu yaddan çıxarması, meydana daxil olan kənar şəxslərlə bağlı heç bir ölçü götürməməsi də sual doğurur.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp