Premyer Liqanın son turunda 3 oyunun taleyi matça əlavə olunmuş dəqiqələrdə həll olundu. “Sumqayıt”la “Zirə” xalı, “Qarabağ” isə qələbəni məhz son saniyələrdə əldə etdi. Turda cəmi 4 oyun reallaşdığını nəzərə alsaq, bu, 75 faiz edir.
 
Maraqlıdı ki, bu mövsüm oyunların böyük hissəsində komandalar son dəqiqələrdə vacib qollar vurub. “Futbolinfo” məhz bu səbəbdən 85-ci dəqiqədən sonra nəticələri dəyişən oyunların siyahısını hazırlayıb.
 
3-cü tur
“Qəbələ” – “Sumqayıt” 2:0
Qolsuz davam edən matçda meydan sahibləri məhz 85-ci dəqiqədə ayılıblar. Onların son qolu 90-cı dəqiqəyə təsadüf edib.
“İnter” – “Kəpəz” 2:2
90-cı dəqiqəyə 2:1 hesablı üstünlüklə girən gəncəlilər son saniyələrdə Ruslan Abışovun möcüzəli trayektoriya cızan zərbəsinə əngəl ola bilməyib.
 
5-ci tur
“İnter” – “Neftçi” 2:1
87-ci dəqiqəyə kimi qalib tərəf olan “Neftçi” bir andaca sayıqlığı əldən verib. Əvvəlcə bərabərlik qolunu vuran “İnter”, oyuna əlavə olunmuş 3-cü dəqiqədə də qələbən təmin edib.
 
7-ci tur
“İnter” – “Zirə” 1:1
Yenə “İnter” oyuna əlavə olunmuş 2-ci dəqiqədə qol görüb. Amma bu dəfə “bankirlər” özləri qələbəni əldən verən tərəf olub.
 
9-cu tur
“Sumqayıt” – “Qəbələ” 2:2
İlk qolu buraxdıqdan sonra hesabda önə də çıxan “Qəbələ” son saniyələrdə büdrəyib. Meydan sahibləri matça əlavə olunan 4-cü dəqiqədə təyin olunan penalti ilə xala sevinib.
 
13-cü tur
“Zirə” – “İnter” 1:1
Bu komandaların ilk dövrədəki oyununda baş verənlər cavab matçında da təkrarlanıb. Fərq ondadı ki, “Zirə” bu dəfə daha gec – 90+3-cü dəqiqədə məğlubiyyətdən qaçıb.
AZAL – “Sumqayıt” 1:1
86-cı dəqiqəyə qələbəylə qədəm qoyan AZAL bundan artığını bacarmayıb. “Sumqayıt” bu dəfə də penalti zərbəsi ilə vacib xal qazanıb.
“Qarabağ” – “Qəbələ” 2:1
87-ci dəqiqəyə kimi öndə olan qonaqlar penalti zərbəsi ilə məyus olub. Oyuna əlavə olunan 4-cü dəqiqədə isə ağdamlılar qələbəni təmin edib.
 
Son 5 dəqiqədə çox qol vurulsa da, 8 qarşılaşmada matçın qalibləri dəyişib. Maraqlıdı ki, bunların tən yarısında “İnter”in imzası var. 2 dəfə məğlubiyyətdə qaçan “bankirlər” “Zirə” ilə görüşlərdə son saniyələrdə vacib xallar itirib.
 
Son 5 dəqiqədə qazanılan/itirilən xallar:
Qəbələ – 2/5
Sumqayıt – 2/2
İnter – 4/4
Zirə – 2/0
Kəpəz – 0/2
Neftçi – 0/3
Qarabağ – 3/0
AZAL – 0/2
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp