2013-cü ilin yanvarı. AFFA ölkə hakimlərinin səviyyəsini artırmaq məqsədi ilə onları Türkiyəyə təlim-məşq toplanışına göndərir. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da assosiasiya rəhbərliyini inandırır ki, FİFA-nın hakimlər üzrə təlimatçısı Valentin İvanov bizim ədalət təmsilçilərinə də master-klasslar keçsə, onun tələbələri daha yüksək səviyəyə qalxar.
2014-cü ilin yanvarında Valentin İvanov Rusiya Futbol İttifaqında Hakim və İnspektorlar Komitəsinə sədr təyin edilir. Başqa sözlə, Xaqani Məmmədovun seçdiyi təlimatçı sözün həqiqi mənasında özünü doğruldur. Eyni zamanda, bu dəvətdən sonra Valentin Valentinoviçin Xaqani Məmmədovla kifayət qədər isti münasibətinin olmasına dair də heç bir şübhə yeri qalmır.
İlk iki abzasda rusiyalı mütəxəssis barədə belə dolğun məlumat verməyimizin başlıca səbəbi budu ki, İvanova müraciət edərək, dünən baş tutan “Qarabağ” – “Qəbələ” oyununda Rəhim Həsənovun təyin etdiyi penaltiyə qiymət verməsini istədik. Valentin Valentinoviçi seçməkdə başlıca məqsədimiz Xaqani Məmmədovun hər tənqidə müxtəlif bəhanələr gətirməsinin qarşısını almaq idi. Çünki indi o, “öz tanışlarını təlimatlandırıb, üstümə göndərirlər” tipli bəhanəyə də əl ata bilməz. Axı, müraciət etdiyimiz şəxs onun dostudu. İndi isə gəlin İvanovun dediklərinə diqqət yetirək:
“Top birbaşa müdafiəçinin əlinə dəysəydi, bu, penalti idi. İlk təmas müdafiəçinin sifətinədi. Sifətə dəyən top, daha sonra oyunçunun əlinə toxunur. Qaydalar göstərir ki, bu epizodda hakim “davam” işarəsi verməliydi. Müasir futbolda top nəinki sifət, oyunçunun istənilən hissəsinə toxunduqdan sonra əlinə dəyirsə, qayda pozuntusu qeydə alınmır”.
Hə, Xaqani müəllim, bu dəfə “top əli tapdı”. Bəhanə axtarmağa, futbol təsərrüfatında çalışanların bu idman növündən uzaq olmasından istifadə etməyə cəhd göstərməyin. Real fakt var. Ağ bayraq qaldırıb, etiraf edin ki, sizdən hakim yetişdirən çıxmaz!
FƏRİD