“Kəpəz” Peşəkar Futbol Klubunun kollektivi qarşıdan gələn bayramlar öncəsi xalqımızın müqəddəs and yeri olan Şəhidlər Xiyabanını və Fəxri Xiyabanda uyuyan futbol veteranlarının qəbrini ziyarət edib. Futbolinfo.az xəbər verir ki, əvvəlcə Fəxri Xiyabanda dəfn olunan dövrünün ən tanınmış uşaq futbol məşqçisi hesab edilən Konstantin Abramenko yad olunub.
Yetirmələri Azərbaycan futboluna bir neçə nəsil güclü oyunçu bəxş etmiş dahi mütəxəsisslə bağlı xatirələrini bölüşüblər. Onun məşq bölməsindən çıxan futbolçuların “Kəpəz” və “Neftçi”yə göstərdikləri böyük xidmətlərdan danışıblar.
Klubun əməkdaşları SSRİ idman ustası, “Dinamo” Kirovabadın heyətində öz oyunu ilə azarkeşlərin sevimlisinə çevirilən Nizami Salahovun məzarını da ziyarət ediblər. Gəncə futboluna bütün varlığı ilə sadiq qalan mərhum hücumçunun “Dinamo”nun SSRİ çempionatının Yüksək Liqasına vəsiqə qazanmasındakı rolundan bəhs olunub.
Daha sonra klub rəsmiləri, əvəzedici heyətin məşqçilər korpusu, futbolçular, eləcə də ayrı-ayrı yaş qrupları üzrə komandalarda çalışan məşqçilər Şəhidlər Xiyabanında olub. Kollektivin üzvləri Qarabağ müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canından keçən mərd vətən oğullarının məzarı üzərinə tər qərənfillər düzüb. Şəhidlərin ruhuna Quran oxunub, Allahdan rəhmət dilənib.
Ziyarətin sonunda kollektiv tərəfindən Şəhidlar Xiyabanında müəyyən təmizlik işləri aparılıb, qəbirlərin üstü və ətrafı təmizlənib.