AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda 2016-cı ilin son oyunları baş tutub. Futbolinfo.az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının təmsilçiləri də növbəti qarşılaşmalarını keçirib.
U-19 XV turun oyununda AZAL-la görüşüb. Komanda bu ev matçında 3:0 hesabı ilə qalib gəlib. 15 qarşılaşmada 37 xal toplayan “qırmızı-qaralar” yenidən turnir cədvəlinin lideri olub.
U-17 isə XIV turun ev oyununda “Rəvan”la üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn “Qəbələ” 13 oyundan sonra xal hesabını 32-yə çatdırıb. Liderə şərik olan komanda əlavə göstəricilərə görə 2-cidir.
U-15 Liqada I dövrənin sonuncu – XIII turu oynanılıb. “Qəbələ” səfərdə AZAL-ın qapısından 2 cavabsız qol keçirib. 12 matçda 34 xal toplayan “qırmızı-qaralar” qış fasiləsinə lider kimi yollanıb.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13-ün bu il keçirməli olduğu son qarşılaşmalar təxirə salınıb.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında XIII turun matçları baş tutub. Bu kateqoriyalarda klub bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Daşqın”a qalib gəlib – 1:0. UGİM isə “Kürmük”lə heç-heçə edib – 0:0. 13 turdan sonra “Qəbələ” 39 xalla 1-ci, UGİM 30 xalla 3-cüdür. U-11 Liqasında “Qəbələ” BOİK-i 8:0, UGİM “Kürmük”ü 5:3 hesabı ilə üstələyib. 13 turdan sonra “Qəbələ” 39 xalla 1-ci, UGİM 36 xalla 2-cidir. Üç komanda ilə təmsil olunduğu U-10 Liqasında “Qəbələ” ilk xal itkisi ilə üzləşib. Komanda UGİM (Şəki) ilə heç-heçə edib – 4:4. UGİM isə Yevlaxın UGİM “Rabitəçi”sini 7:0 hesabı ilə məğlub edib. Gİİ isə bu turda istirahət edib. “Qəbələ” 13 oyundan sonra 37 xalla 1-ci, 12 matç keçirən Gİİ 27 xalla 3-cü, UGİM 22 xalla 6-cıdır.