“Futbolinfo”nun üzə çıxardığı “kubok oğurluğu” məsələsinin müzakirəsi davam edir. Sadıq Sadıqovun prezidentliyi dövründə qazanılan mükafatların klubdan yoxa çıxması “Neftçi”nin indiki rəsmilərini də hərəkətəgətirib.
Sadıqovun 3 çempionluq, 2 ölkə kubokunu özüylə aparmasına klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanov da münasibət bildirib. O, “Futbol+” qəzetinə bunları deyib: “Etiraf edim ki, mənim bu məsələdən xəbərim yox idi, saytdan oxudum. O qənimətləri bir nəfər qazanıb ki, özüylə də aparsın? Əlbəttə, çempionluqda hər kəsin payı olub. Futbolçudan tutmuş klubun sıravi işçisinə qədər. Kubok “Neftçi”nindi, hansısa fərdin yox və buna görə də klubun şəxsi muzeyində saxlanılmalıdı. Müşahidə Şurasının növbəti iclasında gündəlikdə duran ilk məsələ məhz bu olacaq. Yəqin Çingiz müəllim (MŞ-nın sədri Ç.Abdullayevi nəzərdə tutur – red.) məsələnin araşdırılmasını tapşıracaq. Hesab edirəm ki, iclasda kubokların kluba qaytarılması haqqında qərar çıxarılacaq. Bildiyimə görə, muzey hazırlanır. “Bakcell Arena”da olacaq. Hələ Elnur Məmmədovun dövründə bu istiqamətdə işlərə başlanılmışdı. Yaxın günlərdə məsələ həllini tapacaq. Kuboklar “Neftçi”nindi, klubun şəxsi muzeyində də olmalıdı”.