Araz Abdullayev 1 qərarı ilə 2 klubu birdən məmnun etdi. İlin son günündə rəsmiləşən transfer qışın ən səs-küylü keçidi oldu.
“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev milli üzvündən çox narazı idi. Oyunlar zamanı, demək olar, Arazın hər hərəkəti onun narazılığına səbəb olurdu. Formada olmayan, bacarığının yarısını belə sərgiləməyən Abdullayevin ürəyinin “Neftçi”də olmadığı aşkar görünürdü. Kapitana yenilənən “Neftçi”də yer olmayacağı əvvəlcədən bəlli idi.
Hamı Arazın ölkə xaricinə gedəcəyini gözləyirdi. Çünki futbolçu ilə bir Portuqaliya klubu maraqlanırdı. Daha doğrusu, AFFA Abdullayevin legioner həyatı yaşaması üçün bəzi variantlar üzərində çalışırdı. Lakin futbolçu ölkədə qalmağı üstün tutdu və “Qəbələ” ilə müqavilə bağladı.
Arazı “Neftçi”də sevmirdilər. İş o həddə çatmışdı ki, azarkeşlər də hər oyunda onun əleyhinə şüarlar səsləndirirdi. Bu səbəbdən onun gedişinə görə fanatlar “Neftçi” rəhbərliyini qınamayacaq.
Bu keçid həm də maddi baxımdan bakılıların işinə yarayır. 2018-ci ilə kimi “Neftçi” ilə müqaviləsi olan futbolçuya görə “Qəbələ” 200 min dollar ödəyib. Yayda Ruslan Qurbanovu bunun yarısı qarşılığında alan “qırmızı-qaralar” o vaxt ala bilmədiyi oyunçuya indi qovuşmaqla yerli kadr qüvvəsini xeyli artırdı.
Artıq çempionluq uğrunda mübarizədə “Qarabağ”ın ciddi rəqibi var. Namiq Ələsgərovu itirən ağamlılarla müqayisədə Qəbələ təmsilçisi güclənir. Bu səbəbdən qışdan sonrakı dönəmdə turnir cədvəlinin ilk 2 pilləsindəki komandalar arasında ciddi mübarizə gedəcəyini deyə bilərik.
Ayına 30 min dollar qazanacaq Araz üçün də bu transfer həyatı əhəmiyyətlidi. İllərdi 24 yaşlı futbolçunun istedadından bəhs edirik, amma hələ də onun parlaq oyununu görməmişik. Uğursuz “Everton” dönəminin ardınca, Yunanıstanda da oynayan Abdullayev futbolçu kimliyini məhz “Qəbələ”də sübut etməlidi. Milli komandada yenidən əsas heyət üzvü olmaq üçün ondan yalnız məşqlərinə diqqət yetirib, karyerasının zirvəsinə qalxmağa çalışması tələb olunur.
“Qəbələ” karyerası Araz üçün həqiqət anıdı. Roman Qriqorçuk da onun istedadını tam aça bilməsə, Abdullayevin yeni klubu yəqin ki, “Sumqayıt” olacaq və o da Vaqif Cavadov kimi parlamadan sönəcək. Ukraynalı məşqçinin tələblərinə qarşılıq verib, onun istədiklərini yerinə yetirmək isə yarımmüdafiəçinin liderə çevrilmək şanslarını artıracaq.
Beləliklə, “Qəbələ” “Neftçi”dəki dəyişikliklərdən maksimum faydalanır. Yayda Ruslan Qurbanov, indi də Araz Abdullayev əyalət klubunu seçdi. Rəhman Hacıyev də “qırmızı-qara” formanı geyə bilərdi, lakin onunla danışıqlar uğurla sonuclanmadı. Kim bilir, bəlkə tərəflər yenidən bu məsələyə qayıdacaq?..
FƏRİD