Heyətdə ciddi dəyişikliklər edən “Neftçi” artıq 3 transfer reallaşdırıb. Amma bakılıların əsas diqqəti yerli bazara yönəlib ki, bu da başadüşüləndi.
“Qarabağ”a gedən Elşən Abdullayevi əks-marşrutla gələn Namiq Ələsgərovla əvəzləmiş bakılılar indi də digər oyunçulara diqqər yetirir. Araz Abdullayevin “Qəbələ”yə gedişindən sonra Cavid İmamverdiyev də yol üstədi. Hələ Rəhman Hacıyevin də komandada qalıb-qalmayacağı bilinmir.
Bu üzdən “Neftçi”nin Ruslan Abışov və Ağabala Ramazanovu israrla istəməsi gözləniləndi. “İnter”lə müqaviləsi olan cütlük də “ağ-qaralı” formanı geymək istəyir, lakin 2 transfer pəncərəsi dövründə oyunçu ala bilməyəcək “bankirlər” buna mane olmaq niyyətindədi. Futbolçuların “İnter”lə müqaviləsi davam edir, bununla belə, həm daha cəlbedici təklif, həm də yetirməsi olduqları kluba dönmək perspektivi onları keçidə şirnikləndirib.
Bu transferlər artıq həftələrdi müzakirə olunur, lakin razılıq əldə olunmayıb. Əldə etdiyimiz son bilgiyə görə isə məsələyə tezliklə nöqtə qoyulacaq. “İnter” getmək arzusunda olan futbolçuları zorla saxlamaqdansa, onları yaxşı qiymətə satmağı planlaşdırır. Tərəflər razılaşsa, Ağabala ilə Ruslan yanvarın 4-də Türkiyəyə yollanacaq “Neftçi”nin heyətində olacaqlar.