Yohann Enqbrext – qoyunlarla şəkil çəkdirib, altında “Azərbaycanı bax, buna görə sevirəm” yazan alman. Unutmamısınız yəqin. Ətrafında xeyli söz-söhbət gəzdi. Bizləri qoyuna oxşatdı, ancaq “İnter”də Müşahidə Şurasının sədri vəzifəsinə təyin olundu.

Onu bağışlamaq olarmı? Əlbəttə ki, yox! Doğrudu, bəzədi-düzədi, guya o mənada yazmadığını söylədi. Ancaq kimə gəlirdi bu nömrəni? Faktiki millətimiz barədə düşüncələrini çılpaqlığı ilə ortaya qoymuşdu. Ancaq Beynəlxalq Bankın idarə heyətində 3 dəfə dəyişiklik edildi, Enqbrextə “gözün üstə qaşın var” deyən tapılmırdı.

2016-cı ilin son gününü yaşayırıq. Nə yaxşı ki, bu damğa bizimlə 2017-yə keçmədi. Hər dəfə sədr dəyişəndə əvvəlkinin arxasınca danışmaq üçün yeninin yanına sığınan Yohan bu dəfə “yandı”. Futbolinfo.az saytının bu gün əldə etdiyi eksklüziv məlumatda bildirilir ki, Beynəlxalq Bankın İdarə heyətinin qərarı ilə Yohan Enqbrext “İnter”in Müşahidə Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

Bu, “40 gün” məsəli var ha, “qəhrəmanımız” üçün biçilibmiş. “İnter”in büdcəsini talan etmək üçün cilddən-cildə düşən, klubda çalışmış insanlara “quyu qazan” alman işbaz indi özü həmin “quyu”ya düşüb. Özü də bu quyu elə bir dərinlikdədi ki, çıxması mümkünsüz görünür. 

Aparılan araşdırmalar nəticəsində aydın olub ki, Azərbaycanda çalışması üçün miqrasiya xidmətinə müraciət etdikdə, ona “Kommersbank”da işləmək icazəsi verilib. Ancaq Enqbrext Azərbaycan qanunvericiliyini kobud şəkildə pozub və tamamilə fərqli istiqamətdə pul qazanmağa başlayıb. Bank sistemi və futbolun fərqli sahələr olmasını bilmək üçün alimliyə ehtiyac yoxdu.

Bu da medalın görünən hissəsidi. Çünki üstü hələ ki, açılmayan məqamlar da ortaya çıxa bilər. Bütün hallarda alman işbaza Azərbaycanı tərk etmək qadağası qoyulub. Araşdırmalar sona çatanadək Enqbrext çox sevdiyi Azərbaycan təbiətindən ilhamlana bilər. Sonrası necə olacaq? Əlbəttə, indidən konkret fikir irəli sürmək çətindi. Ancaq onun “Kommersbank”dakı fəaliyyətində maliyyə əyintiləri aşkarlanacaqsa, Yoxan tezliklə Bayıl, və ya Kürdaxanını da yaxından tanımağa başlayacaq.

Yeni ilimiz mübarək!

CEYHUN ƏLİYEV

148338176515820104 822763754533609 621969676 n - Futbolinfo.az

Shares: