Ermənistan – bizim üçün həm yaxın, həm də uzaq qonşu. Yaxınıq ona görə ki, hər nə qədər müharibə şəraitində olsaq da, adət-ənənələrimizdə, mədəniyyətimizdə, mətbəximizdə bənzərliklər çoxdu. Uzağıq ona görə ki, 28 ildi müharibə vəziyyətindəyik, torpaqlarımızı işğal ediblər, gediş-gəlişimiz yoxdu, ölkə daxilində başverənlərin çoxundan xəbərsizik.

Bu yazıda heç də nə adıçəkilən ölkədən danışmaq, nə də Zeynəb Xanlarova kimi “qardaş olub Azərbaycan, Hayastan” oxumayacam. Mövzu təbii ki, futboldu. Özü də Ermənistan futbolu. Çoxlarının bu ölkənin futbolu haqqında təsəvvürü “Mançester Yunayted”li Henrik Mixitaryandan, əvvəlki seçmə mərhələlərdə göstərdikləri parlaq oyunlardan ibarətdi. Amma yaxşı varsa, pis də var. Bu yazıda həmin o pisdən söhbət açacağıq.

Bir neçə gün əvvəl erməni saytlarına göz gəzdirəndə gözüm maraqlı bir yazıya sataşdı. Belə ki, PORTUQALİYAnın “Maritimo” klubunun üzvü Gevorq Qazaryanın yerli mətbuata maraqlı açıqlaması var idi. 28 yaşlı yarımmüdafiəçi hayastansport.am saytına açıqlamasında atası üçün darıxdığını və İrəvana qayıdıb, evlənmək istədiyini bildirib. Hətta onun adı son vaxtlar paytaxt klublarından “Pünik”lə hallanır.

Ümumiyyətlə, bizimkilərdən fərqli Ermənistan klubuları elə də imkanlı olmamağına baxmayaraq, yerli futbolçular legioner həyatı yaşamağa elə də çox meyilli deyil. Yerli idman mediası isə bunu son vaxtlar Ermənistan Milli Məclisində deputatlardan birinin ölkə xaricinə çıxan şəxslərin cəmiyyətin “otxod”ları olduğunu bildirməsindən sonra oyunçuların tullantı olmaq istəməmələri ilə əlaqələndiriblər. Düzü, bu xəbər bizi elə də təəccübləndirməməlidi. Millətə “otxod” sözünü ancaq bir erməni deyə bilər.

Söhbət “Pünik”dən düşmüşkən: klubun sabiq prezidenti paytaxt klubundan oğurluq edib. Nə qədər absurd səslənsə də, belədi. Hazırda Ermənistan Cüdo Federasiyasında rəhbər vəzifələrdən birində çalışan bu şəxs komandaya rəhbərlik etdiyi dövrdə qazanılan bütün kubokları da özü ilə aparıb. Bu, boşanan qızın cehizlərini dədə evinə aparmasına bənzəyir.

Hələ bu, aysberqin görünən hissəsidi. Bir də görünməyən hissəsini görmək lazımdı. Ermənistan çempionatının birinci divizionunu deyirəm. Məsələn, hər tur “Erivanian” komandasının oyununda hansısa hoqqa çıxır. Ya klub prezidenti Mika Abelyan, ya da oğlu hakimlərdə nəsil-kök qoymurlar. Hərdən dözməyən referilər bir də görürsən ki, tribunadan eyni cavabı klub rəsmilərinə qaytarırlar. Ümumiyyətlə, diviziondan danışsan, səhərə kimi ortaya bitib-tükənməyən mövzular çıxar.

ELMAR ABDULLA-ZADƏ

Shares: