"Stars United” Uşaq Futbol Klubu 1 illik fəaliyyəti ilə əlaqədar tədbir keçirib. Klubun rəhbəri Nəsimi Zeynalov arxada qalan 1 il ərzində görülən işlərdən, gələcək perspektivlərdən danışıb. Daha sonra qonaqlara söz verilib.
“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov öz çıxışında uşaq futbolunun inkişafının nə qədər vacib bir məsələ olduğunu deyib. Tədbirdə iştirak eləyən tanınmış futbolçular da ürək sözlərini deyiblər. “Fənərbaxça” klubunun yetirməsi olan İlqar Qurbanov Türkiyədəki dönəmlərdən danışıb, uşaqlara uğurlar arzulayıb, valideynlərə də öz tövsiyələrini verib. Futbolçular arasında hər zaman yaxşı davranışıyla seçilən Ruslan Abışov da çox maraqlı nitq söyləyib. Qara Qarayev isə hər şeydən əvvəl bu uşaqların cəmiyyətimiz üçün xeyirli övlad kimi böyümələrini istəyib.
Çıxışlardan sonra tanınmış futbolçular balacalara hədiyyələr veriblər. Daha sonra xatirə şəkli çəkilib. Rəsmi hissəsi bitəndən sonra tədbir uşaqlar üçün bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, “Stars United” Uşaq Futbol Klubu artıq 1 ildi fəaliyyət göstərir. Qarşıdakı mövsüm klub AFFA-nın təşkil etdiyi U-10 Liqasında təmsil olunacaq. Bu klubda uşaqlar 3 yaşından futbolla məşğul olmağa başlayırlar.