Qış fasiləsində adı transferdə ən çox hallanan oyunçulardan biri də Səlahət Ağayevdi. “İnter”in qapıçısının “Neftçi”yə keçidi ilə bağlı məsələ hələ də gündəmdədi. “Ağ-qaralar”dan təklif alan əlcək sahibi onların bu arzusunu gözündə qoya bilər. Buna səbəb Ağayevlə “İnter” arasında mövsüm sonunda başa çatacaq müqavilənin artırılması planıdı.
 
Futbolinfo.az saytına açıqlama verən Ağayev məsələ ilə bağlı bunları deyib: “Neftçi”dən təklif almışam, amma konkret cavab verməmişəm. “İnter”lə mövsüm sonuna kimi müqaviləm var. Yaxın 1-2 gündə “İnter”lə müqaviləmi artırmaqla bağlı söhbətimiz olacaq. Ondan sonra nəsə haqqında danışmaq olar. Əgər razılaşa bilsək, hazırkı komandamda qalacam. Əks təqdirdə “Neftçi”yə keçə bilərəm”.
 
Qeyd edək ki, “İnter”in yetirməsi olan 26 yaşlı əlcək sahibi, həm də bu komandanın kapitanıdı.
Shares: