Dünən gecə Türkiyəyə təlim-məşq toplanışına yollanan “Neftçi” həm də transfer dövrünün ən seçilən komandasıdı. “Ağ-qaralar” turnir cədvəlindəki mövqeyi baxımından buna güclənməyə məhkumdu və rəhbərlik də buna cəhd edir.
Eltun Yaqublunu “Səbail”ə, Elşən Abdullayevi “Qarabağ”a, Araz Abdullayevi “Qəbələ”yə göndərən bakılılar 6 legioneri ilə də vidalaşıb. Deməli, komanda 9-10 yeni futbolçu almalıdı ki, autsayder mövqeyindən uzaqlaşa bilsin.
Məşqçilər korpusu hələlik 4 futbolçunu bəyənib. Namiq Ələsgərovu “Qarabağ”dan alan “Neftçi” 3 legionerlə də anlaşıb. Amma yeni gələnlər “Neftçi”ni gücləndirə biləcəkmi? Yunanıstan “Veria”sından gələn Georgi Navalovski və Çexiya “Slovan”ından icarəyə gətirilən Zdenek Folprext hələlik sirli qutudu. Lakin onların gəlişi ilə bakılıların müdafiədəki problemləri qismən yoluna qoyacağını demək olar.
Yarımmüdafiə xəttində ciddi itkilərə uğrayan “Neftçi” Namiq Ələsgərovun sayəsində yeni lider qazanıb, lakin bir transferlə heç nə həll olunmur. Elxan Abdullayev orta sahəyə daha 2-3 oyunçu tapmalıdı. Düzdü, dünən İqnasio Herreranın transferinin rəsmiləşməsi ilə daha bir önəmli addım atıldı. Lakin bu futbolçunu da yüksək səviyyəli saymaq olmaz. Qazaxıstan "İrtış"ına vaxtilə Rusiya çempionatına getmək üçün tramplin kimi baxaraq gəldiyini söyləyən yarımmüdafiəçi indi Azərbaycandadı. Onun hansı istedada və bacarığa sahib olduğunu tezliklə görəcəyik – ümid edirik, Elxan Abdullayev yanılmayıb.
“İnter”in üzvləri – Ruslan Abışov, Ağabala Ramazanov və Səlahət Ağayevdən cavab gözləyən “Neftçi”güman ki, bu futbolçulara qovuşmayacaq. “Bankirlər” liderlərini itirmək istəmir və transfer qadağası ilə üzləşdiklərindən heyəti qorumağaməcburdular. Belədə “ağ-qaralar” təcili olaraq başqa variantları götür-qoy etməlidi. Ən əsas da hücumçu problem yoluna qoyulmalıdı. Nonsens olsa da, həqiqətdi: “Neftçi”nin heyətində bir nəfər də olsun forvard yoxdu.
Bütün bu problemlərin davam etdiyi yarımmüdafiədə və hücumda ciddi transferlərə ehtiyac duyulduğu bir zamanda Pavel Paşayevin keçidi haqda söhbətlər dolaşır. Rəsmi təsdiqini tapmasa da, millimizin üzvünün "Neftçi"də oynayacağı haqda informasiyalar var. 28 yaşlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanacağı deyilir.
Pavel cari mövsümün ilk yarısını Ukraynanın "Stal" klubunda keçirib. O, Ukrayna klubunun heyətində 18 rəsmi oyuna çıxaraq 1614 dəqiqə oynayıb. Ötən mövsümü "Qəbələ"də keçirən müdafiəçi Ukraynanın "Dnepr", "Krivbas" və "Metallurq" klublarında forma geyinib.
Pis statistika deyil, amma Pavel “Neftçi”nin axtardığı oyunçulardandımı? Yuxarıda komandanın hücum bölgəsində ciddi sıxıntılar çəkdiyini qeyd etdik. Belədə Kamal Qurbanov və Məqsəd İsayev kimi gənc istedadların, üstəlik, təcrübəli Mahir Şükürovun da olduğu sağ cinah müdafiəçisi mövqeyinə belə transfer yersiz xərc deyilmi? Həm də Paşayev ötən mövsüm 6 ay “Qəbələ”də havayı maaş alıb cəmi 1 oyuna çıxmaqla səviyyəsini ortaya qoydu. Ukraynada 18 matça çıxmağı da göstərici deyil. “Stal” səviyyəli komandada oynamaq olar, lakin sual yaranır: orada hər şey qaydasındadısa, Pavel ildə niyə 2 komanda dəyişir?
Başqa bir maraqlı məqam da odur ki, Paşayev 18 dəfə milli komandamıza dəvət olunub, indiyə kimi yalnız 3 matçda oynayıb. Həqiqətən “Stal”da bu qədər yaxşı oynayırsa, millimizin baş məşqçisi Robert Prosineçki niyə ona güvənmir? Deməli, bu futbolçunun bacarığı yüksək deyil, sadəcə, yaxşı reklamı var. Meneceri millimizdə də eyni postu tutan Riad Rəfiyevdi və o, imkanlarından istifadə edib, Paşayevi “Neftçi”yə gətirir. Yaxşı maaş həm də onun yaxşı faiz alması deməkdi. Millinin də məşqçisi olan Elxan Abdullayev yəqin ki, onun xahişini yerə sala bilmir. Lakin o dəqiqdi ki, “Neftçi”yə yerli gənclərdən üstün olmayan Pavel yox, əla hücumçu və yarımmüdafiəçilər lazımdı. Büdcəni daha çox bu istiqamətdə xərcləmək lazımdı.
AĞA