Milli komandamızın üzvü Pavel Paşayevin hansı ölkə vətəndaşı olduğu məlum deyil. Futbolinfo.az bunu Ukraynada boya-başa çatan və bu ölkənin müxtəlif yaş qrupları üzrə yığmalarının şərəfini qorumuş futbolçunun hazırda təmsil etdiyi klub saytına istinadən xəbər verir.
 
“Stal”ın şərəfini qoruyan müdafiəçi əsas heyət üzvü olduğu “komanda” bölməsinə diqqət yetirdikdə, bu fakt ortaya çıxdı. Yerlilərlə yanaşı, Hollandiya, Qana, Ermənistan və Serbiyadan olan futbolçuların qarşısında ölkə mənsubiyyəti yazılsa da, Paşayev soyadının önündəki qrafa boşdu.
 
Bunu texniki səhv adlandırmaq da olmaz. Çünki dünən 29 yaşı qeyd olunan futbolçunun ünvanına yazılmış təbrik saytda yer alıbsa, deməli, bu qrafa bilərəkdən boş saxlanılıb.
 
Ola bilər ki, “Stal” onu ukraynalı kimi təqdim edir və legioner limiti problemi yaşamır. Hər halda, Azərbaycan millisinin üzvünün özü hansı ölkənin vətəndaşı olduğuna dair tələb irəli sürməli idi. Ancaq sürməyib. Ukraynada bunu araşdıran yox, Azərbaycan isə arxa plandadı. Müəlliminə bərəkallah, Paşayev!
Shares: