8 komanda ilə davam edən Topaz Premyer Liqasında növbəti mövsümdən say artımı labüddü. Bu səbəbdən divizion klublarının elita hazırlıqları da güclənib.
AFFA-nın lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovdan aldığımız məlumata görə, artıq bununla bağlı müraciətlər edilib. O, futbolinfo.az saytına açıqlamasında hazırda Premyer Liqada mübarizə aparan 8 komandanın hamsının və bir neçə divizion təmsilçisinin lisenziya üçün onlara müraciət etdiyini bildirdi.
Bu da, növbəti mövsüm çempionatda əvvəl də nəzərdə tutulduğu kimi minumum 10 komandanın iştirak edəcəyi anlamına gəlir. Düzdü, əvvəlki illərdə də belə müraciətlər olur, ancaq sonradan aydınlaşırdı ki, onlardan heç biri bütün tələbləri yerinə yetirə bilmir.
Maraqlıdı, aşağı dəstədən hansı komandalar Premyer Liqada iştirak etmək üçün lisenziyalaşdırma qrupuna müraciət edib? Bunu Elçin bəydən öyrənə bilmədik. Sirr saxlayan AFFA rəsmisindən fərqli olaraq elita həvəsində olan aşağı dəstə klublarından bəzi məlumatları dəqiqləşdirdik.
Apardığımız sorğundan sonra “Zaqatala”, MOİK, “Səbail”, “Şəmkir”in sözügedən məsələ ilə bağlı quruma müraciət etdiyi bəlli oldu. “Hərbçilər”dən başqa, digər 3 komanda hazırkı vəziyətdə tələb olunan bütün şərtlərə əməl edirlər. Yalnız MOİK-in aşağı yaş qrupu üzrə komandaları yoxdu ki, komandanın idman direktoru Ramil Əliyev bu məsələnin iştiraka icazə verildikdən sonra yoluna qoyulacağını bildirdi.
Premyer Liqaya əsas namizədlərdən sayılan “Turan Tovuz”un baş məşqçisi Əsgər Abdullayevlə əlaqə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdığından, klubdan başqa kimsəni də tapa bilmədiyimizdən, bu komandanın federasiyaya müraciət edib-etmədiyini dəqiqləşdirə bilmədik.
ELMAR ABDULLA-ZADƏ