7-8-ci sinifdə oxuyan uşaq üçün hər yay tətilində kəndə gedib dincəlməkdən gözəl nə ola bilərdi?! Ayaqyalın gəzmək, kanalda çimmək şəhər uşaqları üçün əsl ekzotika idi. Mal peyinlərinin arasında oynanılan futbol da kənd səfərlərinin şah əsəri idi. Nə gülürsüz? Siz heç kənddə mal nobatına gedəndə naxırdan aralanan inəyin qarşısını topla kəsməmisiniz? 

Mən də iyunun gəlişini səbirsizliklə gözləyən uşaqlardan idim. Kəndimiz təbii gözəlliklər – dağ, meşə, çay sarıdan kasad olsa da, şoran torpaqlar da bizə Kopakopana çimərliyi kimi görünürdü. 

1987-88-ci illər idi, kənddəki dayıoğlanları ilə mini komanda düzəltmişdik. Böyük dayım oğlu İsgəndər Cavadov, ortancıl Maşallah Əhmədov (indi olmasın), mən də İqor Ponomarov idim. Onda bu “üçlük” bizim üçün Belanovdan da, Van Bastendən də, Qullitdən də, Dasayevdən də əziz, qiymətli idi. İndiki kimi nə fanşop var idi, nə forma. Amma ağ maykanın arxasına 9. 10, 11 rəqəmlərini yazmağa bizə kim mane ola bilərdi ki? 1986-cı ildə 16 komanda arasında 13-cü yeri tutan klubun oyunçusu – Əhmədovun SSRİ-nin “33 ən yaxşı futbolçu” arasına düşməsi bilirsiniz, nə deməkdir? 

Dünən hakim Mirzə Xankişiyev uşaqlığımıza elə zərbə vurdu ki…Yox, bu hakim Vadim Juk deyil ki, onun cəzasından iki həftə sonra yenidən meydana çıxasan. Xankişiyev külli miqdarda ziyan vurmaqda dələduzluğa görə Maşallah Əhmədova 8 il iş verdi. Bu idi oxşamaq istədiyimiz, hər qolunu həftələrlə təkrarladığımız insan? 

Hələ mən o biri kumirimizi demirəm. Səhv etmirəmsə, 1999-cu il idi. “Futbol+” qəzeti 16 səhifəlik nəşrə yeni keçmişdi. Birinci səhifədə uniformada əzəmətli bir şəkil və böyük müsahibə. Bəli, bu o idi. Həmin kapitan, 11 nömrə İsgəndər Cavadov. Mahir Rüstəmlinin qələmə aldığı həmin müsahibəni oxuyanda məndə elə təəssürat yaranmışdı ki, nəhayət futbolumuza bir lider, şəxsiyyət gəlir. Sözünü deyən, xarizmatik insan, karyerasına da söz ola bilməz. Haradan biləydim ki, bir neçə ildən sonra o, Yaqub Məmmədov demişkən, böyük oyunun kiçik fiquruna çevriləcək. Olan-qalan hörmətini də Cahangir Hacıyev, Hafiz Məmmədov kimi futbol maqnatlarından babat şirinlik almaq üçün ildə iki dəfə ad günü keçirəndə itirəcək. 

Ümumiyyətlə, bizim nəslin heç nədə bəxti gətirmədi. Müharibə vaxtı qəhrəman saydığımız insanlar bir həftə sonra vətən xaini damğası alırdı, tankların önündən qaçmayanlar rüşvətin qabağında əyilirdi, “Şəhidlər”, “Təbrizim” oxuyan Musa Musayevi isə hamınız tanıyırsınız…

Shares: