“Qarabağ” – “Neftçi” oyununda başverənlərə görə hamıdan çox narazı olan “Qəbələ” daha bir zərbə aldı. “Qırmız-qaralar”ın növbəti turdakı rəqibi olan bakılılar əsas heyət üzvlərindən birinə qovuşdu.
Əslində, ötən turun 1:1 hesabıyla başa çatan məlum matçıyla bağlı “Qəbələ” rəsmilərinin narazılığı qəribə idi. Hakim səhvindən əziyyət çəkən “Neftçi”, sosial şəbəkələrdə üsyan edən 3-cü tərəf… Amma səbəb bəllidi – “Qarabağ”ın çempionluq yolundakı əsas rəqibi olan “Qəbələ” ağdamlıların büdrəməsini gündüz şam işığında axtarır.
Təyin edilən penaltiyə söz yoxdu. Müəyyən tərəddüdlərə yol açsa da, “Neftçi”nin qapısına təyin edilən cərimə zərbəsi doğru idi. Amma bundan az öncə Rəhman Hacıyevə qarşı edilən kobudluğa görə də penalti verilməliydi. Halbuki baş hakim Ramil Diniyev ağdamlıların cərimə meydançasındakı epizodu simulyasiya kimi dəyərləndirdi. Referi səhvə yol verməsəydi, yəqin ki, hesab 2:0 olacaq və “Neftçi” qalan 20 dəqiqədə qələbəni qoruyacaqdı.
Bu gün AFFA İntizam Komitəsi hakimin simulyasiyaya görə verdiyi sarı vərəqəni ləğv etdi və bunu “epizodun düzgün dəyərləndirilməməsi” kimi qiymətləndirdi. Deməli, həmin epizodda penalti təyin edilməli idi!
Bu etiraf “Neftçi”nin xal ehtiyatını artırmasına imkan verməyəcək. Amma komanda əsas oyunçularından birinin cəzalı duruma düşməsini ertələyə bildi. Növbəti turda bu epizoda görə hakimləri ağ yuyub qara sərən “Qəbələ” Rəhman Hacıyevin də qarşısını almalı olacaq.
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun bunu necə dəyərləndirəcəyi maraqlı deyil. Həmişə eyni sözü deyən sabiq referi təbii ki, bunun qərəz yox, səhv olduğunu iddia edəcək. Və yəqin ki, növbəti matçlarda bu səhvin əvəzində “Neftçi”nin də könlünü almağa çalışacaqlar.
Bütün bu qarışıqlığın içərisində heç kimin diqqət etmədiyi məqam çempionluğa hər 2 iddiaçının turu eyni hesabla başa vurması oldu. Ev oyunlarındakı 1:1-lər bəlkə də təsadüf sayıla bilər, lakin bukmeker kontorlarında “Qarabağ” – “Neftçi” oyununa verilən əmsalların kəskin dəyişməsi adamı şübhəyə salır. Suraxanıdakı matçda meydan sahiblərinin qələbəsinin əmsalı sutka ərzində 4 dəfə artdı, bakılıların uduzmamasına pul qoyuluşu dayandırıldı, hər 2 komandanın qol vurmasına “stavka” ləğv edildi. Və sonda məhz pul qoyuluşu qəbul edilməyən variantlar reallaşdı.
Bəlkə biz başqa oyundan danışırıq, oynanılan, söz-söhbətin arxasında gizlədilən əsl “oyun” başqa olub? Bunu da etiraf edən biri olsaydı…
FƏRİD